Bakı, 20 noyabr, AZƏRTAC
Noyabrın 23-də Azərbaycan Teatr Xadimləri İttifaqında Xalq Artisti, Prezident təqaüdçüsü, teatr rejissoru Ağakişi Kazımovun yubiley gecəsi keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə sənətkarın mənalı ömür yolundan, zəngin yaradıcılıq axtarışlarından, Azərbaycan teatr sənətinin inkişafına verdiyi dəyərli töhfələrdən geniş söz açılacaq.
Qeyd edək ki, bir sıra teatrlarda çalışan Ağakişi Kazımovun quruluşunda hazırlanan “Müsibəti-Fəxrəddin” (N.Vəzirov), “Toy” (S.Rəhman), “Təzə gəlin” (S.Dağlı), “Arşın mal alan” (Ü.Hacıbəyli), “Xoşbəxtliyə gedən yol” (İ.Dunayevski), “Məlik Məmməd” (Ə.Abbasov), “Hacı Qənbər” (N.Vəzirov), “Kiçik təpə” (N.Xəzri) , “Darıxma, ana!” (N.Dumbadze), “Qəribə oğlan”, “Büllur sarayda” (İ.Əfəndiyev), “Mirzə Şəfi” (N.Xəzri), “Sehrli alma” (Y.Lada), “Çahargah fantaziyası” və digər müxtəlif janrlı tamaşalar onun yaradıcılığının estetik mahiyyətini təcəssüm etdirir.
Qazandığı sənət uğurlarına görə A.Kazımov 1987-ci ildə Əməkdar İncəsənət Xadimi, 2000-ci ildə isə Xalq Artisti fəxri adlarına layiq görülüb.