Şərur, 20 noyabr, AZƏRTAC
1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası ilk günlərdən özünü milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin başlıca təminatçısı kimi göstərməklə xalqın böyük inamını qazanıb.
AZƏRTAC xəbər verir ki, bu fikri Yeni Azərbaycan Partiyası (YAP) Şərur Rayon Təşkilatında partiyanın yaradılmasının 23-cü ildönümü ilə əlaqədar keçirilən yığıncaqda təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev səsləndirib.
Əmir Babayev YAP-ın ölkə¬mizin sosial-iqtisadi, ictimai-siyasi həyatındakı rolundan danışıb. Bildirib ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan görkəmli dövlət xadimi Heydər Əliyev ölkəmizi fəlakətlər girdabından xilas edib, Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirib. Məhz bu inkişaf strategiyası nəticəsində Azərbaycan artıq dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib.
Vurğulanıb ki, Heydər Əliyev dühasının YAP-ın proqramında ifadəsini tapmış dövlətçilik strategiyası son 23 ildə bütün istiqamətlərdə dövlət müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsiplərinə söykənib. YAP-ın cəmiyyətdə ölkəni idarə etməyə qadir alternativsiz siyasi qüvvə kimi qəbul olunması da məhz partiyanın Heydər Əliyev ideyalarına söykənməsi ilə bağlıdır.
Qeyd edilib ki, 2003-cü ildən ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttini müvəffəqiyyətlə davam etdirən, sədri olduğu partiyanın cəmiyyətdəki mövqelərini daha da möhkəmləndirən Azərbaycan Prezidenti İlham Əliyevin uğurlarını şərtləndirən ən mühüm məqamlardan biri də ölkə rəhbərinin kifayət qədər təkmil siyasi təlimə – ulu öndər Heydər Əliyevin milli dövlətçilik fəlsəfəsinə istinad etməsidir. Bu təlim Azərbaycanın müstəqilliyinə, onun əbədi, dönməz xarakter daşımasına təminat verib. Aparılan uğurlu siyasət nəticəsində respublikamızda iqtisadi potensialın hərtərəfli inkişafı təmin olunub, sahibkarlıq fəaliyyəti daha da genişləndirilib, yeni istehsal və emal müəssisələrinin işə salınması, yoxsulluğun azaldılması və yüksək məşğulluq səviyyəsinin təmin edilməsi istiqamətində mühüm nailiyyətlər əldə edilib.
Azərbaycanın bütün bölgələrini əhatə edən iqtisadi və sosial islahatların Naxçıvan Muxtar Respublikasının da sürətli inkişafına səbəb olduğunu deyən Əmir Babayev bildirib ki, həyata keçirilən bu siyasət iqtidar partiyası kimi YAP-ın nüfuzunu daha da artırmışdır.
“YAP Şərur Rayon Təşkilatının tərkibində 163 ilk partiya təşkilatı fəaliyyət göstərir”, – deyən təşkilat sədri əlavə edib ki, rayon təşkilatı öz sıralarında 10 min 338 nəfər partiya üzvünü birləşdirir. Onlardan 2 min 970 nəfəri qadınlar, 3 min 518 nəfəri gənclərdir. 2015-ci ilin 10 ayında partiya sıralarına qəbul olanların sayı 111 nəfər olub ki, onların da 87-si gənclər, 46 nəfəri qadınlardır. Partiya üzvləri ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın muxtar respublikada uğurla həyata keçirilməsində fəallıq göstərirlər.
Məruzə ətrafında YAP Şərur Rayon Təşkilatı İdarə Heyətinin üzvləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Nüsrət Həsənov və Ünbülbanu Musayeva, Maxta kənd tam orta məktəbi ilk partiya təşkilatının sədri Musa Şirəliyev, Aralıq kənd ərazi ilk partiya təşkilatının sədri Cəfər Muxtarov, partiya veteranı Vidadi Süleymanov və başqaları çıxış ediblər.