Bakı, 20 noyabr, AZƏRTAC
Noyabrın 20-də AZƏRTAC-ın baş direktoru Aslan Aslanov Rusiyanın TASS informasiya agentliyinin fotoxronika xidmətinin rəhbəri Konstantin Leyferlə görüşüb.
Görüşdə iki agentlik arasında fotoxidmət sahəsində əlaqələrin inkişafı müzakirə edilib, hər iki agentliyin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəklədiyi qeyd olunub. Eyni zamanda bu il iyununda Bakıda keçirilən birinci Avropa Oyunları zamanı AZƏRTAC və TASS-ın foto informasiyaların yayılması, yarışlardan çəkilən fotoları qarşılıqlı olaraq öz resurslarında yerləşdirməsi səmərəli əməkdaşlıq nümunəsi kimi dəyərləndirilib. Təsadüfi deyil ki, noyabrın 16-18-də Seulda Asiya və Sakit Okean Ölkələri Xəbər Agentliklərinin (OANA) İcraiyyə Komitəsinin 39-cu iclasında OANA “Mükəmməllik mükafatı” müsabiqəsində AZƏRTAC və TASS agentlikləri Yonhap, Sinxua və Anadolu agentlikləri ilə birgə ilk beşliyə daxil olub.
Söhbət zamanı müasir dövrün çağırışlarına ləngimədən cavab vermək, sosial media bumu şəraitində rəqabətə davam gətirmək üçün əməkdaşlığın daha da dərinləşdirilməsinə, birgə layihələrə və geniş təcrübə mübadiləsinə ehtiyac olduğu vurğulanıb.
Bakıya AZƏRTAC və TASS arasında təcrübə mübadiləsi çərçivəsində səfər edən Konstantin Leyfer agentliyimizdə foto informasiya sahəsində ustad dərsi keçib.