Bakı, 20 noyabr, AZƏRTAC
Xətai rayon MKS-in Səməd Vurğun adına Mərkəzi Kitabxanasında tanınmış yazıçı-publisist Salatın Əhmədli ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ədəbiyyat və incəsənət xadimləri, rayonun 171 və 257 nömrəli orta məktəblərinin müəllim və şagirdləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Kitabxananın foyesində yazıçı-publisistin kitablarından ibarət “İşıqlı amal sahibi” mövzusunda sərgi nümayiş etdirilib.
Tədbirdə kitabxananın direktoru Oruc Quliyev, şairlər Gülxani Pənah, Zərəngiz Qayalı, Əzizə Ağahüseynqızı və başqaları S.Əhmədlinin Qarabağ mövzusuna həsr edilmiş əsərlərində ölkəmizin zorla sürükləndiyi müharibənin dəhşətlərini, baş verən hadisələri canyanğısı ilə qələmə aldığını, ermənilərin təcavüzkar niyyətlərinin hər zaman qətiyyətlə pislədiyini vurğulayıblar.
Bildirilib ki, yazıçı-publisistin “Xalq Şairi Nəriman Həsənzadəyə Poylu beşiyimdən məktub”, “Ömrünü Qazaxda yaşayan şair”, “Həcc ziyarəti”, “Hüseyn Cavidin ev muzeyi”, “Sənsiz”, “Azərbaycan poeziya çələngi” (tərtibçilərindən biri), “Heydər Əliyevin dil siyasəti” və “Heydər Əliyev və ədəbi-tarixi proses” monoqrafiyaları və digər elmi-publisistik əsərləri ilə birgə “Analar köç edəndə”, “Yol gedir Naxçıvana”, “Bir elatın dastanı” kimi bədii kitabları da onun yaradıcı təxəyyülünün məhsuludur.
Xeyli sayda elmi və publisistik məqalələri xaricdə və respublikanın dövrü mətbuatında çap edilən S.Əhmədli eyni zamanda xalq şairi N.Həsənzadənin “Poylu-beşiyim mənim” və F.Ləmanın “Onu zaman seçib” poemasını bədii qiraət şəklində diskə yazdırıb. “Poylu-beşiyim mənim” diski Tehranda üzü köçürülərək Azərbaycan dilində dərc edilən “Xudafərin” jurnalına əlavə kimi abunəçilərinə göndərilib.
Tədbirdə çıxış edən şagirdlər yazıçı-publisistin əsərlərindən nümunələr söyləyiblər.
Sonda Salatın Əhmədli əsərlərinin yazılma tarixindən danışıb, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, şagirdlərin suallarını cavablandırıb.