İran şahı niyə ağlayırdı? - EŞQ HEKAYƏSİ

İran şahı niyə ağlayırdı? - EŞQ HEKAYƏSİ
19:24 29 Dekabr 2014
792 Dünya
Ölkə mətbuatı
A- A+

“Hər bir insan kral doğulur, amma əksəriyyəti sürgündə ölür.” Oskar Uayld bir insan həyatının dramını belə xarakterizə edib. Amma bəzən, fəlsəfi mənada deyilmiş bir aforizm kiminsə həyat hekayəsində hərfi məna kəsb edir. Yarım əsrdən çox İranda hakimiyyətdə olan Pəhləvilər sülaləsinin şahzadəsi Əlirza Pəhləvinin həyatında olduğu kimi...

 

 

1979-ci ilin yanvarında islam inqilabı nəticəsində atasının hakimiyyəti devrilən və elə o zamandan da qürbətdə yaşayan Əlirza Pəhləvi 2011-ci il yanvarın 4-də Bostanda intihar edərək həyatına son qoydu. Onun ölümü birbaşa siyasətlə bağlı olmasa da, 13 yaşından ölkəsini ata-anası ilə birgə tərk edən Əlirza Pəhləvinin yaddaşında o ağır günlərin izi də qalmamış deyildi. Pəhləvi ailəsi şahzadənin ölümü ilə bağlı verdiyi bəyənatda deyirdi: "Əlirza milyonlarla iranlı gəncdən biri kimi vətənində baş verən acınacaqlı olaylardan son dərəcə narahat və qəmgin idi. Əlirza atasının ölümündən, bacısı Leylanın intiharından sonra çox çalışırdı ki, psixoloji böhrana qalib gəlsin. Lakin sonda dözməyib təslim olaraq özünə qəsd edərək bütün ailə üzvlərinin, dostlarının dərin kədərinə səbəb oldu."  O, sonuncu İran şahı Məhəmməd Rza Pəhləvi və onun üçüncü həyat yoldaşı, əslən azərbaycanlı olan Fəhər Pəhləvinin kiçik oğlu idi. Analitik.az oxucularına Pəhləvilər ailəsinin qısa tarixçəsini təqdim edir.

 

 


İslahatçı və monarx

 

 

Məhəmməd Rza Pəhləvi


Məhəmməd Rza Pəhləvi 1919-cu il oktyabrın 26-da İranın paytaxtı Tehran şəhərində, görkəmli sərkərdə, Pəhləvilər sülaləsinin banisi Rza xanın ailəsində anadan olub. 1925- ci ildə Rza xan özünü İranın şahı və Məhəmməd Rzanı şahzadə elan edir. 1935-ci ildə İsveçrədəki kolleci bitirdikdən sonra İrana qayıdır və burada Tehran hərbi məktəbində təhsil alır.
İkinci dünya müharibəsi zamanı İran öz "neytrallığını" elan etsə də, ölkədə çox güclü faşist kəşfiyyatı vardı. Bunu bilən Sovet höküməti və İngiltərə öz qoşunlarını İranın ərazisinə yeridir. SSRİ qoşunları Güney Azərbaycana girir. SSRİ İranın ərazisinə girməsini 1922-ci ildə İran və SSRİ arasında olan müqavilə ilə izah edir (həmin müqaviləyə görə əgər bir dövlətin təhlükəsizliyinə qarşı şərait yaranarsa digəri onun ərazisinə qoşun yeridə bilər). Ölkədə yaranmış olan vəziyyət Rza şahı öz oğlu Məhəmməd Rza Pəhləvinin xeyrinə taxtdan əl çəkməyə məcbur edir və o, Cənubi Afrikaya sürgün olunur. Rza şah Pəhləvi 1944-cü il 26 iyul tarixində sürgündə vəfat edir. Sonralar Məhəmməd Rza atasının cəsədinin qalıqlarını İrana gətirdərək, məqbərə tikdirir. İndi isə o məqbərə yoxdur. İranda İslam Respublikası bərqərar olduqdan sonra bu məqbərə sökülüb.

 

 

 

Məhəmməd Rza 1942-ci ildə SSRİ və Böyük Britaniya ilə əməkdaşlıq etmək istədiyini bildirərək, onlarla ittifaq müqaviləsi bağlayır. 9 sentyabr 1943–cü ildə şah fərmanı ilə Almaniyaya müharibə elan edir. Bu ildə gənc şah antihitler koalisiyasının üç aparıcı ölkəsinin liderlərini: ABŞ prezidenti Franklin Ruzvelt, Britaniyanın baş naziri Uinston Çörçil və sovet diktatoru İosif Stalini qəbul edir.

 

 

Məhəmməd Rza kənd təsərrüfatında güclü islahatlar yaratdı. Kənd təsərüfatında kapitalist sisteminin bərqərar olması müəyyən mənada mütərəqqi idi, çünki İranda buna qədər feodal münasibətlər hökm sürürdü. Amma islahatın ancaq mülkədar və kapitalist zümrənin marağında keçirilməsi, geniş kəndli kütləsinə çox baha başa gəldi. Xüsusi ilə kənd icmasının düşünmədən dağıdılması kəndlilərin böyük şəhərlərə üz tutmasına səbəb oldu. Surətli urbanizasiya ölkədə kəndlə şəhər arasında əhalinin qeyri-bərabər bölüşdürülməsinə gətirdi. Öz kəndlərindən və adət etdikləri patriarxal həyat tərzindən belə tezliklə ayrılan kəndlilər, surətli modernizasiyaya tab gətirə bilmədilər. Nəticədə müxalif ruhanilər xalqın bu narazılığından istifadə edib, 1979 –cu ildə Məhəmməd Rza Pəhləvini devirdilər.

 

 

Rza şah hakimiyyəti dövründə qərbləşmə siyasəti apararaq, ölkədə güclü iqtisadi struktur yaratdı. Qadın hüquqlarının bərpası üçün bir sıra islahatlar keçirdi. Yeri gəlmişkən, ona İranın “Atatürk”ü də deyirlər: onun zamanında çadra rəsmi olaraq, qadağan edildi. Bunu ruhanilər ona heç cür bağışlaya bilmədilər. Qadınların təhsilinə icazə verdi, məktəbləri dinin nəzarəti altından çıxardı. Hazırda İranda mövcud olan hüquq sistemi Rza Pəhləvinin zamanında işlənib hazırlanıb.
Bu gün İran - islam dövlətidir , dünyəvi islahatlar keçirmiş Rza Pəhləvini , burada tərifləmək qəbul edilməyib. Lakin, onun öz dövlətinin qurulmasında verdiyi töhfələri unutmaq olmaz. Rza Pəhləvi fars şahlarının tacının əvvəlki şöhrətini yenidən qaytarmışdı. O, çox az sayda hökmdarlardan idi ki, islahatçı və monarxın xüsusiyyətlərini özündə birləşdirmişdi.

 

 

Atatürkün xeyir-duasıyla kəsilən nigah

 

 

Rza Pəhləvi üç dəfə ailə qurub. Şahın həyat yoldaşı olaraq seçdiyi hər üç qadın – Fevziyyə, Sürəyya və Fərəh haqlı olaraq ötən əsrin ən gözəl qadınlarından hesab olunurlar

 

İran şahının  Fevziyyə ilə toyu

 


1936-38-ci illərdə Tehrandakı zabit məktəbində təhsil alan gələcək şah, elə ali təhsilini başa vurduğu il – 18 yaşında Misir şahı I Fuadın qızı, 16 yaşlı Fevziyyə bin Fuadla ailə qurub. Şahın birinci evliliyi uğurlu olmadı. Bu evliliyin əsas təşəbbüskarı Məhəmmədin atası, Rza Şah Pəhləvi olub. Ata Pəhləvi oğlunun Misir şahının böyük qızı Fevziyyə ilə evlənməsi üçün böyük əmək sərf edib. Bu məsələ şahın 1935-ci ildə baş tutan Türkiyə səfəri zamanı prezident Mustafa Kamal Atatürklə də müzakirə olunub. Atatürk bu nikahın yalnız iki ölkə deyil, bütünlüklə Yaxın Şərq regionu üçün uğurlu seçim olduğunu vurğulayıb. Ərəbcədən tərcümədə adının mənası “uğurlu” olan Fevziyyə ailə həyatında istədiyi uğuru qazana bilmədi.

 

 

1940-cı ildə qızları Şahnaz dünyaya gəldikdən sonra cütlüyün münasibətləri lap pisləşdi və tezliklə Fevziyyə boşanmaq istədiyini bildirdi. Fevziyyə Tehran sarayında rahatlıq tapa bilməyib, fars dilini öyrənməməkdə israr edib və şahla yalnız fransız dilində danışıb. Məhəmməd Rzanın əkiz bacısı Əşrəflə ulduzu heç cür barışmayan şahzadə, qardaşı Fəruqun məsləhəti ilə II Dünya müharibəsi bitən kimi Qahirəyə qayıdıb və boşandıqlarını elan edib. İran tərəfi yalnız 1948-ci ilin noyabrında boşanmanı rəsmiləşdirib. Boşandıqdan sonra yayılan rəsmi məlumatda İran iqliminin şahzadənin səhhətinə mənfi təsir etməsi əsas səbəb kimi göstərilir. Fevziyyə və Məhəmməd Rzanın bu nigahdan olan yeganə qızları Şahnaz, İran qanunlarına əsasən atası ilə birgə qalır və Pəhləvi ailəsinin təlim-tərbiyəsi altında böyüyür.

 

 

 

Fevziyyə

 

Tezliklə, 1949-cu ilin martında Fevziyyə uzaq qohumları, sabiq müdafiə naziri İsmayıl Şirinlə ailə qurur. Fevziyyə Şirin adı ilə tanınan keçmiş şahzadə 2013-cü il iyulun 2-də 92 yaşında vəfat edib. Məhəmməd Rza Pəhləvinin digər həyat yoldaşlarından fərqli olaraq, o, uğursuz evliliyi, Tehran sarayı və şah barədə demək olar ki, heç nə danışmayıb.

 

 

Qəmgin baxışlı şahzadə

 

 

Məhəmməd Rza Pəhləvinin ikinci həyat yoldaşını ötən əsrin ən gözəl və cazibədar qadınlarından biri adlandırsaq, yəqin ki, səhv etmərik. Anası alman, atası fars olan Sürəyya İsfəndiyari Bəxtiyari 1932-ci ildə İsfahanda anadan olub. 1947-ci ildə valideynləri bu qəribə yaşıl-mavi rəngli gözləri olan qızı Avropaya aparıb. Sürəyya Parisdə mükəmməl təhsil alıb. Avropada qalsaydı, gənc filoloq və teatra böyük marağı olan Sürəyyanın gələcək taleyinin necə olacağı bəlli deyil, ancaq 1951-ci ildə Məhəmməd Rza yenidən ailə qurmaq fikrinə düşəndə şah sarayına gətirilən minlərlə gənc qızın fotosu arasından məhz Sürəyyanın şəklini seçib. Şah sarayına dəvəti böyük təəccüblə qarşılayan gənc Sürəyya şahla cəmi bircə dəfə görüşüb.

 

Rza şahın Sürəyya ilə toyu

 

Bu bircə görüş kifayət edib ki , şah qərarını versin. Nahardan sonra, gecə saat 2-də İsfəndiyarilərin evinə zəng vuran Rza şah, artıq Sürəyyəya evlilik təklifi edib. Hollandiyadan Sürəyya ilə Məhəmməd Rza Pəhləvinin toyuna yarım ton arxideya, al qərənfil və zanbaq gətiriblər. Baxmayaraq ki, şah elan etmişdi ki, toyda qonaqlar İranın kasıb təbəqəsi üçün xeyriyyə məqsədilə pul hədiyyəsi edəcəklər, bəy və gəlinə verilən bahalı hədiyyələr içərisində İosif Stalin tərəfindən göndərilən su samurunun xəzindən olan manto və üstü qara brilliantlarla bəzədilmiş stolüstü yazı dəsti də vardı. Deyilənlərə görə, Şah Sürəyyanı dəlicəsinə sevib, İsfəndiyari də bir an olsun onu tək qoymayıb. Ancaq onların xoşbəxt günlərin ömrü uzun çəkməyib.

 

Sürəyya

 

 

Saray astroloqları Sürəyyanın ailəyə yalnız bədbəxtlik gətirəcəyini deyib. Pəhləvi ailəsinin qəbul edə bilmədiyi bu avropalı qız isə şaha varis verə bilməcəyini bilirdi. Məhəmməd Rza ondan ayrılmamaq üçün yollar axtarır... O, konstitusiyaya dəyişiklik edərək, özündən sonra qardaşını varis elan etmək istəyir. Hətta bir müddət Sürəyyanı birinci həyat yoldaşı qalmaq şərtilə, varis dünyaya gətirə biləcək ikinci qadınla evlənməyə razılıq verməsini təkid edir. Lakin Məhəmməd Rzanın konstitusiyanı dəyişmək cəhdini dövlət, ikinci həyat yoldaşı təklifini isə Sürəyya rədd edib. Ailəsinin, xüsusən də anasının təzyiqlərindən sonra başqa çıxış yolu tapmayan Məhəmməd Rza və Sürəyya 1958-ci ilin martında boşanıblar. Sürəyya Avropaya – ailəsinin yanına qayıtsa da, şah dəfələrlə onun arxasınca Fransaya gəlib, qayıtması üçün ağlayıb, yalvarır. Bu qız həm də şahın həyatının yeganə məhəbbəti olub. Ancaq Sürəyya həyat yoldaşını, sevdiyi kişini başqa qadınla paylaşmaq fikrini heç cür qəbul edə bilməyib. Ömürlərinin qalan hissəsini şah və Sürəyya bir-birilərini dünya salnaməsində davamlı izləyiblər. Boşandıqdan sonra Sürəyya özünü kinoda sınamaq qərarına gəlir. Rejissor Dino Laurentsin layihələrində iştirak edib, bahalı zinət əşyaları və dəbli geyimləri ilə göz oxşayıb. Görünür, bir vaxtlar, iranlı astroloqların dedikləri hardasa düz imiş - Sürəyya sevdiyi insanlara bədbəxtlik gətirib. Şahdan sonra bir daha ailə qurmayan İsfəndiyarinin digər sevgisi – rejissor Franko İnzovina da avtomobil qəzasında həlak olub.

İran şahının ən çox sevdiyi qadın - Sürəyya 

 

 

1991-ci ildə Parisdə nəşr olunan və bestsellərə çevrilən “Tənhalıq sarayı” kitabında Sürəyya həyatını “sona qədər oynanmamış pyes” adlandırıb və şahı qorxaqlıqda ittiham edib. O, bəlkə də haqlıydı. Sevdiyi qadını varis ucbatından tərk edən şah, 2 oğlunun taleyindən xəbərsiz olaraq bu dünyanı tərk etdi və bir oğlunun intiharını, taxt-tacın varisi digər oglununsa illərdir ki, doğma torpağına ayaq basa bilmədiyini görmədi... Avropadakı həyatı nə qədər dəbdəbəli, gözqamaşdırıcı olsa da, Sürəyyanı nahaq yerə “qəmgin baxışlı şahzadə” adlandırmayıblar – onun məhəbbəti və xoşbəxtliyi Tehranda qalmışdı. Sürəyya 2001-ci il oktyabrın 25-də Parisdə keçirdiyi iflic nəticəsində vəfat edib. 75 milyon avroluq mirasını vəsiyyət etməyə isə bir varis tapmayıb.

 

 

İran şahının 3-cü xanımı Fərəh

 


Əslən azərbaycanlı, Fərəh Diba 1938-ci ildə Təbrizdə anadan olub. Atasının vaxtsız ölümündən sonra anası ilə birlikdə Tehrana köçən Fərəh, fransız kollecində oxuyub. Ali təhsilini Parisdə alan gənc, 1959-cu ildə İran səfirliyində təşkil olunan ziyafət zamanı xaricdə təhsil alan digər tələbələrlə birlikdə şaha təqdim olunub. Aralarındakı yaş fərqinə (tanış olanda şahın 40, Fərəhin isə 21 yaşı var idi) və ondan əvvəl artıq iki dəfə ailəli olmasına baxmayaraq, Fərəh də şahın cazibəsi qarşısında aciz qalıb. Tehrana birlikdə qayıdan cütlük bir müddət münasibətlərini gizli saxlasa da, həmin ilin dekabrında baş tutan toy mərasimindən sonra İran bu azərbaycanlı qızı ilə tanış olub. İlk iki evliliyin də varis ucbatından dağıldığını yaxşı bilən Fərəh ümidləri doğruldur. 1960-cı il oktyabrın 30-da İran taxt-tacının yeni varisi Rza şah dünyaya gəlir. Pəhləvi cütlüyünün daha üç övladı – Fərəhnaz, Əlirza və sonbeşik Leyla şah sarayına çoxdan gözlənilən uşaq sevincini gətirir. 1967-ci ildə Şərqdə ilk dəfə olaraq keçirilən tacqoyma mərasimindən sonra Fərəh, şahbanu tituluna sahib olur. Bu, dövrünün sensasiyasına çevrilir. O zamanadək qadına belə hüquq verilməmişdi.

 

 

Rza Pəhləvi xanımı Fərəh ilə


Əvvəllər Fərəh hökumət işlərinə maraq göstərmirdi, onun fəallığının ən məhsuldar vaxtı 1970-ci illər oldu. Şah və şahbanu İranı müasirləşdirməyə çalışırdılar. Fərəh İranda dəb qaydalarını yaratdı, onun zamanında qızları baletə qoymaq və Qərbdə oxutmaq populyarlaşdı. İranlılar bir neçə dil öyrənməyə başladılar. Şahbanu mütəmadi olaraq İran əyalətlərini gəzərək xalqla ünsiyyətdə olur, tibbin və təhsil ocaqlarının vəziyyətini yaxşılaşdırırdı. Ən böyük uğurlarını incəsənət sahəsində qazanmışdı. Onun təşəbbüsü ilə İrana bir çox tarixi sərvətlər qaytarılmış, həmçinin Asiya ərazisində ən böyük muzey yaradılmışdı. Fərəh qadınların hüquqları uğrunda uğurlu mübarizə aparırdı. Öz fəaliyyəti nəticəsində şahbanu xalq arasında böyük populyarlıq qazanmışdı. Həmçinin o, Qərbdə də çox məşhur idi. Şah və şahbanu Şərqin ən gözəl cütlüklərindən hesab olunurdular.

 

Qürbətdə keçən ömür

 


1978-ci ildə ölkədə baş qaldıran anti-şah dalğası getdikcə güclənir və 1979-cu ilin yanvarında həyati təhlükə ilə üzləşən şah və ailəsi ölkədən qaçmağa məcbur olurlar. Sonralar Fərəh bu günü belə xatırlayır:  "Həyatımın ən ağır anı Tehran hava limanında dayanan yoldaşımın gözündəki yaşları görmək idi. Yadımdadır, zabitlərdən biri dizüstə çöküb şaha yalvarırdı ki, getməsin…”
Əvvəlcə Misirə pənah aparan ailə, daha sonra Mərakeşə, Baham adaları və Meksikaya üz tutsa da, şahın səhhətində yaranan problemlər onları Amerikaya getməyə məcbur edir. Rza Pəhləvi qan xərçəngindən əziyyət çəkirdi. Amerikaya gəlişi ilə iki ölkə arasında siyasi böhran yaradan şah, sonda çarəsiz şəkildə Misirə qayıdır. Həkimlərin səyi nəticəsiz qalır və şah 1980-ci il iyulun 27-də 60 yaşında vəfat edir. O, Qahirənin Ər-Rifai məscidində dəfn olunub.

 


Misirin prezidenti Ənvər Sədatın ölümündən sonra Reyqanın dəvəti ilə Amerikaya gedən Fərəh, bütün həyatını "Yıxılan rejimin və bitməyən eşqin hekayəti" adlı kitabında qələmə alır. Kitab tez bir zamanda bestsellerə çevrilir, müxtəlif dillərə tərcümə olunur. Həyat yoldaşından sonra Fərəh iki dəfə faciə yaşadı. 2001-ci ildə kiçik qızı, 31 yaşlı Leylanın ölüm xəbərini alır.

 

Fərəh Pəhləvi oğlu və ailəsi ilə

 

Məşhur italyan dizayneri Valentinonun ən yaxşı modellərindən olan Leylanın model biznesindəki fəaliyyəti depressiya ilə nəticələnir. Səfərlərin birində o, həddindən artıq dərman qəbul edərək, London otelində intihar edir. Leylanın ölümündən 10 il sonra, 2011-ci il yanvarında Fərəhin ikinci oğlu Əlirza da evində ölü tapılır. Boston, Priston, Harvard kimi nüfuzlu təhsil ocaqlarında oxuyan və bacısının ölümündən sonra özünə gələ bilməyən Əlirza, başına atəş açaraq intihar edir. Bu gün Fərəh böyük oğlunun ailəsi ilə birlikdə Parisdə və Vaşinqtonda yaşayır. İllərdir taxtdan salınmaqlarına baxmayaraq, İranın birinci və yeganə imperatriçası Fərəh, əvvəlki kimi “şahbanu” deyə çağırılır. O, yenə də incəsənətlə də məşğul olur.

(analitik.az)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR