Şamaxı, 24 noyabr, AZƏRTAC
Azərbaycan ədəbiyyatının, bütövlükdə XX əsr poetik fikrinin görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadə təkcə respublikamızda deyil, onun hüdudlarından çox-çox uzaqlarda mütəfəkkir şair, lirik dramaturq, istedadlı alim və publisist, qeyrətli və cəsarətli ictimai xadim, sadə və səmimi insan kimi məşhurdur. Təsadüfi deyil ki, onun əsərləri dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar və bir sıra başqa xalqların dillərinə tərcümə edilib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubleyinə həsr olunan tədbirdə səsləndirilib. Filialın professor-müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən tədbirdə şairin həyat və yaradıcılığı, ictimai fəaliyyəti barədə geniş danışılıb.
Bəxtiyar Vahabzadənin tələbəsi olan dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının baş müəllimi Məhəmməd Maqsudov sevimli müəllimi ilə bağlı xatirələrini paylaşıb.
Tədbirdə B.Vahabzadənin şeirləri səsləndirilib.
Sonda tələbələrin ifasında şairin “Atılmışlar” poemasından səhnələşdirilən bir hissə göstərilib.

