Nazirliyin açıqlamasında sanksiya tətbiq ediləcək bəzi şəxslər və şirkətlər haqda məlumat verilib.
Məlumata görə, Suriya vətəndaşı George Hasvani və sahibi olduğu "HESCO" İnşaat-Mühəndis şirkəti İŞİD-dən Əsəd rejimi üçün neft alınmasında vasitəçilik edib. Bu şirkət İŞİD-in nəzarət altında olan ərazilərdə fəaliyyət göstərib. Belə fəaliyyətinə görə Avropa İttifaqı bu ilin martında "HESCO"-ya sanksiya tətbiq edib.
"Qara siyahı"da Cənubi Kiprdə yerləşən Nikos Nikolaou, Əsəd rejiminin Rusiyadakı maliyyə məsələləri üzrə təmsilçisi Mudalal Xuri, Rusiyanın Kalmıkiya Respublikasının başçısı, FİDE-nin prezidenti Kirsan İlyümjanovun da adları var.
"Rusiya Maliyyə Alyans bankı"na da sanksiya tətbiq edilib. Bu maliyyə qurumu və M.Xurinin nəzarət etdiyi 4 şirkət - "Primax Konsaltinq", "Ezgoo İnvestisiya", "Hudsotrade Limited" və "Kremsont ticarət" "qara siyahı"ya daxil edilib.
Məlumata görə, sanksiyaya məruz qalan şəxslər və şirkətlərin ABŞ-dakı bütün bank hesabları dondurulub. Həmin şəxs və və şirkətlərin ABŞ-da ticarət fəaliyyəti qadağan olunub.
Qeyd edək ki, məsələyə Rusiya xarici işlər nazirinin müavini münasibət bildirərək deyib ki, bu sanksiya münasibətlərə yeni mürəkkəblik gətirəcək.