Nardaranda görülən tədbirlər Azərbaycanda nə xaricdən, nə də daxildən stabilliyi pozmaq üçün atılan addımlara yol verilməyəcəyini qəti şəkildə göstərdi.

Bu barədə Milli.Az-a Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə bu gün Nardaranda baş verən hadisələrə münasibət bildirərkən deyib.

YAP funksioneri qeyd edib ki, Nardaranda baş verən hadisələr göstərdi ki, bir qrup insan qeyri-qanuni dəstə yaradaraq dövlətə qarşı zorakılıq tədbirləri həyata keçirmək niyyətində imişlər: "Polisin keçirdiyi əməliyyat zamanı onlara müqavimət göstərilməsi, atəş açılması və daha sonra onlardan götürülən çoxsaylı silahlar bu ehtimalları gücləndirir. Müəyyən insanlar din pərdəsi altında Azərbaycanda stabilliyi pozmaq, dövlətə qarşı zor tətbiq etmək fikrindədirlər, amma onlar unudurlar ki, Azərbaycanda artıq oturuşmuş və cəmiyyətin maraqlarına cavab verən dövlət var. Heç bir halda heç kəs nə dövlətə, nə də cəmiyyətə qarşı zorakılıq tədbiri həyata keçirə bilməz".

Ümumən götürdükdə ölkədə dini stabillik və vicdan azadlığı baxımından lazım olan bütün tədbirlər görülür: "Bu gün dünya praktikasında müsbət nə varsa, Azərbaycanda öz tətbiqini tapır. Birincisi, dövlət ölkədə vicdan azadlığını tam təmin edir. Hər kəs öz dini inancını sərbəst şəkildə həyata keçirə bilir. Azərbaycanda hüquqi dövlət var və qanunun aliliyi təmin edilib. Burada təhsilə böyük əhəmiyyət verilir. Hüquq-mühafizə orqanları da üzərlərinə düşən vəzifələri yerinə yetirirlər. Eyni zamanda, cəmiyyətdə stabilliyə qarşı bir təhdidlər ortaya çıxanda bunun qarşısı böyük qətiyyətlə alınır".

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərindən verilən məlumata görə, 2015-ci il noyabrın 26-da DİN tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb.

Əməliyyatın keçirildiyi ərazidə, silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirib, 2 əməkdaş qəhrəmancasına həlak olub.

Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib.

Fakt üzrə Baş Prokurorluq tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır.

Pünhan

Milli.Az