Bakı, 27 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatı dəstəyi ilə həyata keçirilən “Gəncsən, öz biznesinə başla” layihəsinin təqdimatı olub.
YAP-dan AZƏRTAC-a bildiriblər ki, mərasimdə layihənin rəhbəri Orxan Fəxrəddinov ölkəmizdə sahibkarlığın inkişafı üçün yaradılan imkanlardan danışıb. Qeyd olunub ki, “Gəncsən, öz biznesinə başla” layihəsi gənclərə bir çağırışdır. Layihə çərçivəsində gənclər üçün biznes layihələrin yazılması, FOREX-də strategiyaların qurulması, marketing araşdırılması, maliyyə risklərinin idarə olunması mövzusunda təlimlər keçiriləcək.
Prezident yanında Gənclər Fondunun nümayəndəsi Vüsalə Niftəliyeva, YAP Gənclər Birliyinin sədr müavini Əli Pənahov bu kimi layihələrin uğurlu olduğunu qeyd ediblər.
Digər çıxış edənlər də belə layihələrin həyata keçirilməsinin gənclərin biznes sahəsində inkişafı üçün böyük töhfə olduğunu vurğulayıblar.