Naxçıvan, 28 noyabr, AZƏRTAC
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə paralimpiyaçılar arasında qol güləşi idman növü üzrə turnir keçirilib.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə muxtar respublikanın Paralimpiya Federasiyasının birgə təşkil etdiyi turnirin məqsədi sağlamlıq imkanları məhdud idmançılar arasında bədən tərbiyəsi və idmanın kütləviliyinə, onların asudə vaxtlarının səmərəli keçirilməsinə nail olmaqdır.
Beynəlxalq armrestlinq qaydalarına əsasən keçirilən turnirdə 20 paralimpiyaçı 2 çəki dərəcəsində (75 kiloqrama kimi və 75 kiloqramdan yuxarı) mübarizə aparıblar.
Turnirdə ilk üç yeri tutan idmançılara nazirliyin diplomları və federasiyanın hədiyyələri təqdim olunub. Digər iştirakçılar isə həvəsləndirici hədiyyələrlə mükafatlandırılıblar.