Əliyar Ağayev Avroliqaya təyinatından danışdı

Əliyar Ağayev Avroliqaya təyinatından danışdı
15:12 2 Dekabr 2015
35 İdman
Ölkə mətbuatı
A- A+

"Bu, mənim üçün əhəmiyyətli oyundu. Düzdü, qrupdakı vəziyyət baxımından heç nəyin dəyişməyəcəyi açıq görünür. Ancaq 90 dəqiqə ərzində özümü yaxşı tərəfdən göstərməliyəm". Bunu "Report"a açıqlamasında Avropa Liqasının qrup mərhələsinin VI turunda Vyanada keçiriləcək "Rapid" (Avstriya) - "Dinamo" (Minsk, Belarus) oyununu idarə edəcək azərbaycanlı FIFA referisi Əliyar Ağayev deyib.


Azərbaycanın hakimlik tarixində ilk dəfə qrup mərhələsinə təyinat alan Ağayev məsuliyyətdən yaranan həyəcanın olacağını inkar etməyib. Amma gənc referinin fikrincə, bu, start fitinə qədər davam edəcək: "Bu, qrup mərhələsində təkcə azərbaycanlı referinin yox, azərbaycanlı hakimlər briqadasının idarə edəcəyi oyun olacaq. 6 nəfərlik heyətlə komanda şəklində dekabrın 9-da Avstriyaya yollanacağıq. Öz bacarığımızı ortaya qoyacağıq. Oyundan, ölkədən asılı olmayaraq, hara gediriksə, bilməliyik ki, ilk növbədə Azərbaycanı təmsil edirik. Öz davranışımız, hərəkətlərimiz və mədəniyyətimizlə ölkəmizi layiqincə təmsil etməliyik".


FIFA referisi idarə edəcəyi oyunda növbəti mərhələyə vəsiqə qazanmaq üçün prinsipiallığın olmadığını söyləyib. Onun sözlərinə görə, bu amil oyun idarəetməsinə təsir etməməlidir: "Komanda qrup mərhələsində iştirak edirsə, ilk növbədə, imicini qorumalı, sonra ölkəsinə reytinq xalı qazandırmalıdı. Bəzən belə oyunlar həlledici qarşılaşmalardan daha çətin olur. Çünki komandaların itirəcəyi bir şey yoxdu. Ola bilsin, tərəflər gəncləri meydana buraxsın və belə olan halda onlar özlərini doğrultmağa çalışacaqlar".


Qeyd edək ki, dekabrın 10-da keçiriləcək "Rapid" - "Dinamo" oyununda Əliyar Ağayevə Zeynal Zeynalov, Rza Məmmədov, Rəhim Həsənov və Orxan Məmmədov kömək edəcək. Mübariz Haşımov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-liyar-aayev-avroliqaya-tyinatndan-dand-t45879.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR