Bakı, 10 dekabr, AZƏRTAC
Hazırda əczaçılıq bazarında dövlət qeydiyyatına alınan eyni təsiredici maddəyə malik müxtəlif istehsalçıların, ölkələrin fərqli adlarla bir çox sayda preparatları satışda var. Vətəndaş hər hansı dərman preparatını ticarət adı ilə aptekdə tapa bilmədikdə eyni təsiredici maddəyə malik digər istehsalçıların alternativ dərman vasitəsini ala bilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanov qiymətləri təsdiqləndikdən sonra bəzi dərman vasitələrinin tapılmamasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Səhiyyə Nazirliyi Kollegiyasının qərarı ilə "Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları" təsdiqlənib. Yeni qaydalara əsasən, həkimlər xəstələrə resept yazarkən dərman vasitəsinin ticarət adını deyil, beynəlxalq patentləşdirilməmiş adını (təsiredici maddə adını) qeyd edəcəklər. Beləliklə də vətəndaş aptekə müraciət edən zaman əczaçı tərəfindən reseptdə göstərilən beynəlxalq patentləşdirilməmiş ada uyğun dərman vasitələri barədə ona məlumat veriləcək. O da büdcəsinə uyğun olaraq dərman vasitəsinin qiymətinə və istehsalçısına görə özü seçim edə biləcək.