Tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosialyönümlü siyasətinin əsas prioritet istiqamətlərindəndir

Tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosialyönümlü siyasətinin əsas prioritet istiqamətlərindəndir
18:48 10 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 10 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ölkəmizin doğuşayardım tibb müəssisələrində göstərilən tibbi xidmətlərin davamlı olaraq yüksəldilməsi üçün yeni metodikanın təqdimatı ilə əlaqədar görüşlər təşkil edir. Növbəti görüşə Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi ev sahibliyi edib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, muxtar respublikanın səhiyyə nazirinin müavini Sona Məmmədova tədbirdə çıxış edərək, ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasının dövlətin sosialyönümlü siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğunu bildirib.
Qeyd olunub ki, son illər bu sahədə mühüm nailiyyətlər əldə edilib. Ana və uşaqların sağlamlığının qorunması üzrə dövlət proqramının, həmçinin yenidoğulanların “Elektron sağlamlıq kartları” ilə təmin edilməsi, yoluxucu xəstəliklərin immunoprofilaktikası proqramlarının ana və uşaqların sağlamlığının qorunması işində əhəmiyyətli rolu olub.
Bildirilib ki, son illərdə muxtar respublikada həyata keçirilən bu tədbirlərin nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunur. Doğum göstəricisinin artması, ölüm göstəricisinin isə aşağı düşməsi nəticəsində təbii artımın yüksəlməsində tibbi qulluq və səhiyyə xidmətləri də əhəmiyyətli rol oynayır. Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, öz növbəsində, demoqrafik vəziyyətə də müsbət təsir göstərir.
Sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin monitorinq və təhlil şöbəsinin həkim-metodisti Afət Məmmədova “Hamiləliyin ağırlaşması və ya hamiləlikdə həyata təhlükə törədən halların aradan qaldırılması metodikası”nı təqdim edib.
Seminar-treninqdə iştirak edən ginekoloq, anestizioloq, mama və doğuşayardım göstərən tibb bacılarına hamiləliyin ağırlaşması və ya hamiləlikdə həyata təhlükə törədən halların aradan qaldırılması metodikasına dair broşür və bukletlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin baş həkimi Kəmalə Qurbanova belə tədbirlərin həkim və orta tibb işçilərinin peşə bacarıqlarının artırılmasında mühüm rolunu qeyd edərək, iştirakçılara minnətdarlığını bildirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tibbi_xidmetin_keyfiyyetinin_yaxsilasdirilmasi_dovletin_sosialyonumlu_siyasetinin_esas_prioritet_istiqametlerindendir-910106

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR