İlk olaraq Gəncənin "Kəpəz" klubu "Rəvan"ı qəbul edəcək. Qarşılaşma Gəncə şəhər stadionunda keçiriləcək. Şahin Diniyevin rəhbərlik etdiyi komanda ev oyunundan qələbə ilə ayrılacağı təqdirdə, ilk 5-likdəki mövqeyini gücləndirəcək. Xal itkisi isə "Neftçi"nin bu tur səfərdə "Qəbələ" üzərində qələbə qazanacağı təqdirdə, Gəncə komandasını 1 pillə geri salacaq. "Rəvan" isə qış fasiləsinə turnir cədvəlinin sonuncusu olaraq yollanmaq istəmir. Bu səbəbdən, "Kəpəz"lə oyunda Bəhmən Həsənovun komandasını yalnız qələbə qane edir. Komanda 3 xal qazanarsa, siyahıdakı qonşu "Xəzər Lənkəran" geridə qalacaqsa, "Sumqayıt" və AZAL-la xal ehtiyatı bərabərləşəcək. Cütün bugünədək olan görüşlərində maraqlı statistika nəzərə çarpır. 10-cu dəfə üz-üzə gələcək komandaların əvvəlki görüşündə heç-heçə qeydə alınmayıb. 9 oyunun 6-da "Kəpəz", 3-də isə "Rəvan" qələbə qazanıb.
"İnter" isə eyniadlı arenada "Sumqayıt"ı sınağa çəkəcək. Hazırda 24 xalla turnir cədvəlində 4-cü olan "bankirlər" qələbə nəticəsində 2 pillə irəliləmək şansı əldə edəcək. Sumqayıtın eyniadlı klubu isə qazanılacaq 3 xal nəticəsində turnir cədvəlində ikinci 5-liyin üst pillələrində qərarlaşacaq. Komandalar bugünədək 13 dəfə üz-üzə gəlib. Bu qarşılaşmaların 8-dən "İnter", 1-dən isə "Sumqayıt" qalib ayrılıb. Qalan 4 qarşılaşmada bərabərlik qeydə alınıb. Üstəlik, "Sumqayıt" son 4 oyunda "İnter"ə məğlub olmayıb.
Azərbaycan Premyer Liqası, XVI tur
11 dekabr.
14:00. "Kəpəz" - "Rəvan"
Gəncə şəhər stadionu
16:30. "İnter" - "Sumqayıt"
Bakı. "İnter Arena"
Qeyd edək ki, turun digər oyunları dekabrın 13-də keçiriləcək.