Dövlət Komitəsindən ləğvedilmə və kütləvi ixtisarlarla bağlı açıqlama

Dövlət Komitəsindən ləğvedilmə və kütləvi ixtisarlarla bağlı açıqlama
11:53 11 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğv edilməsi və Komitədə işçilərin kütləvi ixtisar edilməsi haqqında yayılan məlumat həqiqətə uyğun deyil.

Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin şöbə müdiri Fazil Talıblı deyib.

Şöbə müdiri qeyd edib ki, sadəcə Dövlət Komitəsinin daxilində digər qurumlarda olduğu kimi təkmilləşdirmə məqsədilə islahatlar aparılır, amma təəssüf ki, bəziləri bunu başqa cür qələmə verməyə çalışırlar:

"Əvvəla, Dövlət Komitəsinin yaradılması haqqında cənab prezidentin fərmanı var. Onun ləğvi məsələsi də məhz dövlət başçısının müstəsna səlahiyyətindədir. Ona görə də bununla bağlı başqa kimsə özündən şərh verə bilməz.

Komitədə hansısa ixtisarın aparılmasını, təkmilləşdirmə işlərini, daxildə struktur islahatlarına gəlincə isə, bunu Komitənin ləğvi ilə əlaqələndirmək düzgün deyil: "Bunu belə əlaqələndirmək istəyənlər, yəqin ki, heç bir məntiqi təhlil apara bilməyən və qanunvericilikdən xəbəri olmayan adamlardır. Təəssüf ki, bu, belədir. Amma təbii ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyəti həmişə beynəlxalq tələblərə uyğunlaşdırılır, müasirləşdirilir, struktur islahatları aparılır, daxildə təkmillşdirmə işləri aparılır. Bu islahatlar nəticəsində kadrların əvəzlənməsi baş verir, yerinə gənc nəsil gəlir və s. Bütün bunlar işin müasir tələblər səviyyəsində qurulması məqsədilə edilir. Bu gün ölkədə qeyri-neft sektorunun və sahibkarlığın inkişafına ölkə rəhbərliyi tərəfindən böyük diqqət ayrılır. Bizim fəaliyyət sahələrimiz - standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya sahələri - məhz qeyri-neft sektorunun inkişafını şərtləndirən əsas alətlərdir. Günün tələbləri səviyyəsində həmin fəaliyyət sahələrinin təkmilləşdirilməsi üzərimizə qoyulan vəzifə və öhdəliklərin yerinə yetirilməsi baxımından vacibdir".

F.Talıblı Dövlət Komitəsində hər hansı kütləvi ixtisarların olmadığını da əlavə edib:

"İslahatlar nəticəsində işçilərin əvəzlənməsi, illərdir işlədikləri yerin yenisi ilə dəyişməsi ola bilər. Burada nə qabardılası bir şey, nə də kütləvi narazılıq faktı var. Bu, hər bir qurumda təkmilləşdirmə məqsədilə aparılan daxili islahatdır və normal şeydir. Ola bilər ki, Komitə daxilində hansısa idarə ləğv olunsun, yerinə yenisi yaradılsın və oradakı işçilər vəzifəsindən azad edilib, yeni vəzifəyə təyin olunsunlar. Yəni onların yerdəyişməsi, müvafiq şöbələrin ləğv edilərək yerinə günün tələblərinə cavab verən fəaliyyət sahələrinin yaradılması ola bilər. Amma bu heç də işçilərin işdən qovulması anlamına gəlməməlidir. Ona görə də Komitədə kütləvi ixtisarların olması haqda məlumat, açıqlanan rəqəmlər, yəni 200 nəfərin işdən çıxarılması ümumiyyətlə gülüncdür. Heç Komitənin ştat vahidi ümumilikdə 200 nəfər deyil".

Xatırladaq ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğv edilməsi üçün islahatlar başlayıb. Artıq komitənin bir neçə alt qurumu ləğv edilib və çoxlu işçi ixtisar olunub. Son bir neçə ay ərzində komitənin 200-ə yaxın işçisi çıxarılıb. Təxminən 3-4 ay öncə başlayan islahatlarla komitənin "Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu"nda, Aparata daxil olan şöbələrdə və digər Xidmət İdarələrində 100-ə yaxın işçi vəzifəsindən azad olunub. Komitənin daxilində olan "Təcrübə-Sınaq Mərkəzi"nin də son bir ay ərzində paytaxtda yerləşən idarəsindən 60-a yaxın, Gəncədəki şöbəsindən isə 20-ə yaxın işçi ixtisar edilib. Mərkəzin Sertifikat şöbəsi tamamilə ləğv edilib. Hazırda komitənin ləğv edilməsi istiqamətində işlər görülür. Komitəyə daxil olan idarələrin digər oxşar nazirliklərə birləşdiriləcəyi gözlənilir.

Qeyd edək ki, bundan əvvəl Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunmuşdu.

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/389440.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR