Səsiniz çıxmasın!

Səsiniz çıxmasın!
21:37 14 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda küçələrdə, istirahət yerlərində, ictimai yerlərdə və yaşayış evlərinin yanında gecə vaxtı səs-küy salanlara, vətəndaşların istirahətinə mane olanlara qarşı cəzaların dəfələrlə sərtləşdirilməsi müsbət haldır.

Bunu Milli.Az-a açıqlamasında yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsində (İXM) sərtləşdirmə ilə bağlı əksini tapan dəyişiklikləri şərh edən vəkil Asif Abdullayev deyib.

Qeyd edək ki, İXM-də edilən dəyişikliyə görə, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə saat 00.00-dan səhər saat 07.00-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərində ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gür səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər 300 manatdan 400 manata qədər, vəzifəli şəxslər 2500 manatdan 3500 manata qədər cərimə olunacaqlar.

Azərbaycan prezidenti tərəfindən təqdim olunan yeni məcəllənin artıq Milli Məclisin plenar iclasına çıxarılması tövsiyə olunub və növbəti iclasda müzakirəyə çıxarılacaq. Məcəllə qəbul olunacağı halda 2016-cı il mayın 1-dən qüvvəyə minəcək.

Ekspertin fikrincə, bununla bağlı cərimə məbləğlərinin artırılması səs-küy salanların sayının azalmasına gətirib çıxaracaq:

"Çünki cəzaların sərtləşməsi, cərimələrin artırılması çox zaman qayda-qanun pozuntularının azalmasına gətirib çıxarır. Məsələn, avtoxuliqanlıqla bağlı cəzalar yüngül idi, xuliqanlıq edən də çox idi. Amma cəzalar sərtləşdikdən sonra indi avtoxuliqanlıq, demək olar ki, yox dərəcəsindədir. Bu məsələ də o qəbildəndir. Bir də görürsən ki, gecə saat 1-dir, restorandan gur musiqi səsi gəlir, yaxud fişəng atıb atəşfəşanlıq edirlər. Bu isə qonşuluqda olan insanların rahatlığını pozur. Hesab edirəm ki, indi buna görə cəzaların sərtləşməsi bu zərurətdən doğur".

Lakin hüquqşünas hesab edir ki, əsas problem bu cəzanın tətbiqi ilə bağlıdır: "Bununla bağlı cəzalar mövcud İXM-nin 306-cı maddəsində də var. Hazırda qüvvədə olan maddəyə görə, belə hallarda xəbərdarlıq olunur və ya 30 manatdan 50 manata qədər miqdarda cərimə tətbiq edilir.

Amma o, təcrübədə, demək olar ki, tətbiq olunmur. Ona görə də əsas məsələ onun tətbiqinə nail olmaqdır. Çünki Azərbaycan reallığında insanların əksəriyyəti qonşusundan şikayət etmək istəmir".

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/390165.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR