Bakı, 9 fevral, AzərTAc
Bakı Dövlət Universitetinin (BDU) tələbələri Türkiyənin media qurumlarında təcrübə keçəcəklər.
BDU-dan AzərTAc-a bildiriblər ki, bu ali məktəbin jurnalistika fakültəsinin qəbul imtahanlarında uğurlu nəticə göstərmiş 10 tələbəsi fakültənin dekanı, professor Şamil Vəliyev və Radio-televiziya jurnalistikası kafedrasının müdiri Aynur Kərimovanın rəhbərliyi ilə Türkiyəyə səfər ediblər.
Səfərdən öncə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov onlarla görüşüb. Rektor bildirib ki, ötən ilin martında TİKA-nın əməkdaşları – əlaqələndirici Mustafa Haşim Polat və əlaqələndirici müavini İsmail Gürlek ilə görüş zamanı jurnalistika fakültəsinin infrastrukturunun və tədris proqramlarının yenilənməsi məqsədilə bəzi məsələlər, o cümlədən tələbələrin qardaş ölkənin media qurumlarında təcrübə keçmələri müzakirə olunub.
Türkiyəyə səfərin tələbələr üçün faydalı olacağına əminlik ifadə edilib.
TİKA-nın Bakı proqram koordinasiya ofisinin və Bakı Dövlət Universitetinin birgə layihəsi çərçivəsində azərbaycanlı tələbələr TİKA, TRT, Anadolu Agentliyi, Mətbuat Nəşriyyat İnformasiya Baş İdarəsi, Qazi Universitetinin jurnalistika fakültəsi və ayrı-ayrı media qurumlarında bir həftəlik təlim-təcrübə proqramında iştirak edəcəklər.