Yaponiya hökuməti 2016-cı il üçün dövlət büdcəsi layihəsini rekord məbləğdə bəyənib

Yaponiya hökuməti 2016-cı il üçün dövlət büdcəsi layihəsini rekord məbləğdə bəyənib
18:48 24 Dekabr 2015
48 Digər
Ölkə mətbuatı
A- A+


Tokio, 24 dekabr, AZƏRTAC
Yaponiya hökuməti 2016-cı maliyyə ili üçün dövlət büdcəsinin layihəsini rekord məbləğdə bəyənib. Büdcənin həcmi ümumilikdə 96,72 trilyon yen (təqribən 799 milyard dollar) təşkil edəcək ki, bu da əvvəlki illə müqayisədə 380 milyard yen (3,14 milyard dollar) çoxdur.
Büdcə layihəsində müdafiə xərclərinə rekord miqdarda vəsait ayrılması nəzərədə tutulur. Həmin məqsədlə ayrılan vəsait 5,05 trilyon yen (təqribən 42 milyard dollar) təşkil edəcək. Şərqi Çin dənizində Çin hərbi qüvvələrinin fəallaşmasından narahat olan Tokio dördüncü ildir ki, müdafiə xərclərini artırır.
Büdcə layihəsində sosial xərclərin də artırılması nəzərdə tutulur. Belə ki, həmin məqsədlər üçün 31,97 trilyon yen sərf edilməsi planlaşdırılır ki, bu da ötən illə müqayisədə 1,4 faiz çoxdur. Həmin vəsait əsasən uşaqların sağlamlığının yaxşılaşdırılmasına, tibbi xidmətə və əhalinin qocalmasına qarşı tədbirlərə sərf olunacaq.
Büdcə layihəsinin yanvarın 4-də parlamentin müzakirəsinə çıxarılması planlaşdırılır. Hökumət qanunvericilərin 2016-cı ilin martınadək büdcə layihəsini təsdiq edəcəyinə ümid edir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yaponiya_hokumeti_2016_ci_il_uchun_dovlet_budcesi_layihesini_rekord_meblegde_beyenib-914113

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR