Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzində “Elektron hökumət” bülleteni üzrə ilk brifinq keçirilib.

Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “Bank of Baku”, Azərbaycan İnternet Forumu, “Elektron ipoteka” portalının nümayəndələrinin iştirakı ilə keçirilən brifinqin məqsədindən söz açıb.

Qeyd edilib ki, “Elektron hökumət” portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən ayda bir dəfə “Elektron hökumət” quruculuğu, elektron xidmətlər, elektron imza, eləcə də İKT sahəsinə aid yerli və beynəlxalq xəbərləri ictimaiyyətə çatdırmaq məqsədilə “Elektron hökumət” bülleteni dərc olunur.

Bülletendə “Elektron hökumət” portalı, tətbiq olunan yeni elektron xidmətlər, e-sənəd mübadiləsi, e-imza infrastrukturu və xarici ölkələrin “Elektron hökumət” və İKT sahəsindəki təcrübələri barədə xəbərlər öz əksini tapır. Brifinqin də təşkilində məqsəd təqdim olunan yeniliklər barədə informasiyanın kütləviləşməsi, həmçinin, görülən işlərin mətbuata birbaşa elan olunmasından ibarətdir.


Qeyd edək ki, tədbirin sonunda iştirakçılara “Elektron hökumət” portalına daxil olmaq üçün kod/parol və elektron imza sertifikatları təqdim olunub.


Həqiqət İSABALAYEVA