Bakı, 10 fevral, AzərTAc
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) baş katibi Seymur Hüseynov Sosial İnkişaf üzrə BMT Komissiyasının Nyu-Yorkda keçirilən 53-cü sessiyasında iştirak edir.
Tədbirdə iştirakçı ölkələrin dövlət rəsmiləri və BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) məşvərətçi statuslu üzvü olan qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.
ARGTMŞ-dən AzərTAc-a bildiriblər ki, fevralın 4-dən 13-dək BMT-nin baş qərargahında keçirilən sessiyanın məqsədi 2015-2016-cı illərdə dünyada sosial inkişafın gücləndirilməsi və yeni hədəflərin müəyyən edilməsidir.
BMT Komissiyasının 53-cü sessiyası ali və ümumi panel və ictimai müzakirələrdən, eləcə də işçi qrupların iclaslarından ibarətdir. Sessiya çərçivəsində tədbirlər “Müasir dünyada sosial inkişafın yenidən düşünülməsi və gücləndirilməsi” mövzusu ətrafında qurulub. Bununla yanaşı, tədbir zamanı iqtisadi və sosial problemlər, sosial inkişaf hədəflərinin minilliyin inkişaf planlanmasına dair müzakirələr təşkil edilib. Mövzular ətrafında bir sıra ölkələrin təcrübələri dinlənilib.
Səfər çərçivəsində, ARGTMŞ-nin baş katibi Seymur Hüseynov və Dünya Gənclər Assambleyasının (WAY) baş katibi xanım Ediola Paşollari arasında görüş olub. Görüşdə hər iki qurum arasında əməkdaşlıq, qlobal gənclər və sosial siyasət məsələləri müzakirə edilib. Həmçinin cari ildə birgə layihə və proqramların həyata keçirilməsinə dair razılıq əldə olunub.
Sosial İnkişaf üzrə Komissiya 1946-cı ildən fəaliyyət göstərir və ECOSOC tərəfindən yaradılmış 10 əsas qurumdan biridir.