Serbiyalıların maraqlı Milad adətləri

Serbiyalıların maraqlı Milad adətləri
07:48 7 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+


Belqrad, 7 yanvar, AZƏRTAC
Bütün Xristian aləmində İsa Məsihin doğum tarixi olan 25 dekabr Milad günü kimi qeyd olunsa da, Serbiyada bu bayramın əsas elementi olan kilsə təbilləri yanvarın 7-də çalınır. Bu tarixdən etibarən bütün Serbiya ərazisində üçgünlük festival start götürür. Bunun əsas səbəbi odur ki, ortodoks xristianları Qriqorian təqvimindən 13 gün geridə olan Yulian təqvimini izləyirlər. Bununla belə, serbiyalılar Milad hazırlıqlarına hələ bu tarixdən 40 gün əvvəl başlayırlar. Belə ki, əksər ailələr həmin müddətdə oruc tutaraq ət, ağartı məhsulları və yumurta yeməkdən imtina edirlər.
Serbiyalıların maraqlı Milad adətlərindən biri də odur ki, bu bayram ərəfəsində üç Bazar günü ailə üzvlərindən birinə həsr olunur. Miladdan öncəki üçüncü Bazar uşaqlara, ikinci analara, üçüncü gün isə atalara həsr olunur. Həmin günlərdə ailə üzvlərinə xüsusi hədiyyələr verilir.
Palıd ağacı Serbiyada Miladın əsas atributu hesab olunur. Yanvarın 6-da səhər saatlarından başlayaraq ailə üzvləri “badnjak”, yəni qızılı yarpaqları olan palıd ağacının budaqlarının axtarışına çıxırlar. Böyük şəhərlərdə bu budaqlar xüsusi Milad bazarlarında satılır. Budaqlar bayram gecəsinədək evin astanasında saxlanılır. Bayram günü ailəvi nahardan öncə həmin palıd budaqları evin ortasında dağıdılır və ailə üzvləri bu budaqları izləyərək naharın ənənəvi yeməyi olan hind toyuğunun səsini çıxartmağa çalışırlar. Bu ənənə İsa Məsihin bütün insanları sevgi dolu bir cəmiyyətdə bir araya gətirmək arzusunu simvolizə edir. Daha sonra palıd budaqları ya evdə odun peçində, ya da həyətdə böyük tonqalda yandırılır. İnanclara görə, palıd budaqlarının alovu İsa Məsihin doğulduğu yerə üç çoban tərəfindən istiliyin gətirilməsini əks etdirir.
Daha sonra ailə üzvləri birgə bayram süfrəsində otururlar. Serbiyada nahardan sonra ayinlər icra etmək üçün kilsəyə getmək məqsədəuyğun hesab olunur.
Bayram süfrəsinə ilk təşrif edən qonaq “polozajnik”, yəni ilk şanslı qonaq adlandırılır və onu salamlamaq əvəzinə ev sahibi “İsa Məsih doğuldu, Miladın mübarək” deyir. İlk şanslı qonaq evə sağ ayağı ilə daxil olmalıdır ki, bu ailəyə gələn ildə uğur gətirsin.
Serbiyalıların digər maraqlı Milad adəti odur ki, bayram yeməyindən öncə süfrəyə evdə bişirilmiş, içində qəpik pul olan xüsusi çörək gətirirlər və həmin qəpiyi tapan şəxsin gələn ili uğurlu keçirəcəyinə inanırlar.
Milad bayramı ilə üçgünlük mərasimlə vidalaşan serbiyalılar növbəti günlərdə qohumlarını, dostlarını ziyarət edir, kilsələrə axışaraq dualar edirlər.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad 





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Serbiyalilarin_maraqli_Milad_adetleri-916564

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR