Tovuz, 11 fevral, Famil Quliyev, AzərTAc
Qərb bölgəsində bol məhsul götürmək üçün suvarma suyuna böyük ehtiyac var. Uzun illər əkin sahələrini suvarmaq üçün kəndlilər torpaq arxlarla su aparmalı olurdular ki, bu da həm vaxt həm də su itkisinə səbəb olurdu. Artıq bölgədə bu problem həll edilmək üzrədir. Bunun üçün Qazax, Ağstafa, Tovuz rayonlarında köhnə su kanalları yenilənir. Hazırda uzunluğu 27 kilometr olan Qazaxbəyli, Orta Salahlı, Aşağı Salahlı və Kosalar kəndləri ərazisində su arxlarının betonlanması işləri görülür.
Tovuz rayonunun Əyyublu və Düz Qırıqlı kəndlərində də sürətli iş gedir. Bu günədək Zəyəm çayından Əyyublu kəndinədək 10 kilometr uzunluğunda beton kanal çəkilib.
“Körpübinatikinti” Açıq Səhmdar Cəmiyyətinin iş icraçısı Rüfət Hətəmov AzərTAc-a eksklüziv müsahibəsində bildirib ki, yay aylarına qədər yekunlaşması gözlənilən işlər çərçivəsində ümumilikdə 40 kilometr uzunluğunda beton kanal, 71 kilometr drenaj çəkilməsi planlaşdırılır. Bundan başqa, yenilənən kanallar üzərində 387 ədəd hidrotexniki qurğu da inşa ediləcək. Beton kanallar istifadəyə verildikdən sonra isə Tovuzda 4 min hektardan çox ərazini rahat suvarmaq mümkün olacaq. Hazırda Qazax, Ağstafa, Tovuz rayonlarında beton kanalların tikilib istifadəyə verilməsi üçün sürətli iş gedir.
Tovuz, Qazax və Ağstafa rayonlarında su kanallarının betonlanması işləri görülür
Tovuz, Qazax və Ağstafa rayonlarında su kanallarının betonlanması işləri görülür