ABŞ Azərbaycanın əhəmiyyətli ölkə kimi dəyərləndirir (VİDEO)

ABŞ Azərbaycanın əhəmiyyətli ölkə kimi dəyərləndirir (VİDEO)
23:21 10 Yanvar 2016
30 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan prezidenti İlham Əliyev Birləşmiş Ştatların prezidentinin dəvəti ilə nüvə sammitinə yola düşəcək. Başqa vaxt bəlkə də adi bir protokol hadisəsi tək qiymətləndirilə biləcək bu olayı az qala sensasiyaya çevirən səbəbin iki ölkə arasındakı münasibətlərdə yaşanan gərginlik, necə deyərlər, qarşılıqlı ittihamlar fonunda baş verməsidir. ANS TV-nin "Hesabat" verilişində Mir Şahinin qonağı olmuş Milli Məclis sədrinin müavini Bahar Muradova bu barədə suallara cavab verib.

- Bahar xanım, indi artıq Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında münasibətlər fonunda vəziyyətin dəyişdiyini demək olarmı?


- Azərbaycanla Amerika Birləşmiş Ştatların münasibətləri dünəndən - sırağagündən başlamır, bunun tarixi bundan xeyli əvvələ gedir. Bu müddət ərzində dəfələrlə iki ölkə arasındakı münasibətlərin həddən artıq gərgin və çox müsbət çalarla zəngin olduğu dövrlər də olub. Ona görə də düşünürəm ki, Amerika Birləşmiş Ştatları bütövlükdə və onun prezidenti hörmətli cənab Barak Obama da Azərbaycanın bu günə qədərki yeritdiyi müstəqil siyasətinin bundan sonra da davamlı olacağını bilən rəhbərlərdəndir.

Odur ki, hər iki ölkənin sınağa çəkən belə gərginliklər zamanı da, növbəti dəfə Azərbaycanın bu siyasətə sadiq qaldığını bir daha gördü. Və hesab edirəm ki, bu da imkan verir ki, qarşılıqlı faydalı əməkdaşlığın daha uzun müddətli və daha uzaq hədəflərə doğru yönələn bir əməkdaşlığa çevrilməsi istiqamətində məhz bu amilə istinad edilsin. Ona görə də düşünürəm ki, bu gərginliklər də keçəri gərginliklərdir. Və Azərbaycan bölgədə çox vacib, oyunçu olan ölkələrdən biridir. Artıq o beynəlxalq oyunçuya çevrilməkdədir. Və onun geosiyasi mövqeyi, imkanları və eyni zamanda tərəfdaş olduğu ölkələrlə ardıcıl və məqsədyönlü mövqe sərgiləməsi imkan verir ki, bu bölgədə Amerikanın maraqları yüksək səviyyədə qorunsun. Eləcə də, bu qarşılıqlı şəkildə Azərbaycanın maraqlarını beynəlxalq aləmdə qorunmasını Amerika kimi ölkələr üçün də öhdəlik edir.

– Bahar xanım, elə bil ki, hər şey qəflətən baş verdi. Yəni ki, Azərbaycan-Amerika münasibətlərində əməli başlı bir gərginlik vardı. Bizim mətbuat vasitələrində, o cümlədən rəsmi dövlət mətbuatında Amerika Birləşmiş Ştatları ilə bağlı, Amerika Birləşmiş Ştatların nüfuzlu kütləvi informasiya vasitələrində Azərbaycanla bağlı bir növ qarşılıqlı ittiham mübadilələri gedirdi və s. qəflətən hər şey dəyişdi. İndi sükut vaxtıdır. Sizə elə gəlmirmi ki, bəlkə bölgədə maraqlı nələsə baş verəcək? Və Azərbaycan yenidən Amerika Birləşmiş Ştatlarına lazım olur?

- Mən bunu vurğulamaq istəyirəm ki, sizin söylədiyiniz fikirlərin həqiqət payı çoxdur. Bir daha xatırladım ki, Azərbayacanın yerləşdiyi məkan bir çox ölkələri Azərbaycanın maraqlarını nəzərə alaraq hərəkət etməyə vadar edir. O cümlədən, bu bölgədən keçib gedən, eyni zamanda daim keçib gedəsi və qayıdası olan Amerika Birləşmiş Ştatlarını da bunu nəzərə almağa vadar edir. Bu, birmənalıdır. Hazırdakı vəziyyət necə inkişaf edəcək? Azərbaycan sabah bu vəziyyətin yaranmasında bu və ya digər şəkildə iştirakı olan ölkələrə hansı qismdə fayda verə biləcək, bunu praqnozlaşdırmaq istəməzdim.

Amma birmənalı olaraq vurğulayacağım məsələ ondan ibarətdir ki, Azərbaycan Amerika Birləşmiş Ştatlarının strateji tərəfdaşı kimi hələ uzun illər onun regionlardakı siyasətini həyata keçirmək üçün vacib olan ölkələrdən biri olacaq. Bunu həm Amerika Birləşmiş Ştatları, həm də Azərbaycan dərk edir.

O ki qaldı vəziyyətin qəflətən dəyişməsinə, siyasət bir çox hallarda gözlənilməzliklərlə doludur. Və buna çoxsaylı misallar da gətirmək olar. Amma bir faktı vurğulamaq lazımdır ki, istər Amerikada, istərsə də Azərbaycanda qarşılıqlı ittihamlarla dolu səslənən fikirlər, meydana çıxan layihələr - parlamentlər tərəfində bir-birinə qarşı yönəlmiş sənədlərini qəbuluna cəhdlər, hesab edirəm ki, bunlar Amerika Birləşmiş Ştatların administrasiyası ilə Azərbaycan arasındakı rəsmi siyasətə çox zamanı kənardan təsir göstərmək məqsədilə meydana atılır. Amma nəticədə administrasiya özünün vacib bildiyi istiqamətdə fəaliyyət göstərir. Baxmayaraq ki, zamanında - Azərbaycan yenicə müstəqilliyini əldə edəndə Azərbaycana qarşı 907-ci düzəlişin qəbulunda o belə bir addım atmamışdı.

Amma düşünürəm ki, bu addımın lazımsız addım olduğunu onlar bu gün də dərk edirlər. Amma onların qanunvericiliyinin qəbulu və o qanunların geri oxunması prosedurunu çətinliyi bu məsələyə gətirib çıxarır. Hesab edirəm ki, Azərbaycan əhəmiyyətli bir ölkə olduğunu Amerika Birləşmiş Ştatları dəyərləndirir. Və həm cəmiyyətlərdə, həm də parlametlərdə gedən müzakirələr bu və ya digər faktlara və arqumentlərə sökənən qarşılıqlı ittihamlar keçəridir, ötüb keçəcək.

Məhz əsas siyasəti isə ölkə rəsmiləri və onların prezidentləri müəyyən edir. Prezidentlər görüşəcəkləri, bu məslələri müzakirə edəcəkləri təqdirdə əlbəttə ki, hər iki ölkə üçün qarşılıqlı faydalı əhəmiyyət kəsb edən məsələlərin nədən ibarət olduğunu düzgün müəyyənləşdirəcəklər. Və biz də bir millət vəkilləri, siyasətçilər olaraq təbiidir ki, prezidentlərimizin müəyyən etdiyi istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik.

Müsahibəyə daha ətraflı aşağıdakı video materiallarda baxa bilərsiniz:


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369360

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR