Polşa Olimpiya Komitəsində birinci Avropa Oyunlarına həsr olunan xatirə lövhəsi qurulub

Polşa Olimpiya Komitəsində birinci Avropa Oyunlarına həsr olunan xatirə lövhəsi qurulub
21:18 12 Yanvar 2016
38 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, AZƏRTAC
Varşavadakı Olimpiya Mərkəzində Polşa Olimpiya ailəsinin Yeni il görüşü keçirilib.
Mərasimdə Polşa Prezidenti Andjey Duda və xanımı Aqata Kornhauser-Duda fəxri qonaqlar qismində iştirak ediblər.
Azərbaycanın Polşadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Polşa Olimpiya Komitəsinin sədri Andjey Kraşnitski, bu ölkənin idman və turizm naziri Vitold Banka, Prezident Administrasiyasının nümayəndələri, həmçinin diplomatik korpusun rəhbərləri, bu ölkəni beynəlxalq yarışlarda təmsil edən idmançılar, Olimpiya və dünya çempionları tədbirə qatılıblar.
Andjey Kraşnitski çıxış edərək ötən il ölkə idmançılarının qazandıqları nailiyyətlər haqqında məlumat verib. O, “Bakı-2015” birinci Avropa Oyunlarından danışaraq bu mühüm idman yarışının yüksək səviyyədə təşkili, idmançılara və nümayəndə heyətlərinin üzvlərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinin rəhbərliyinə, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinə və ölkəmizin Milli Olimpiya Komitəsinə təşəkkürünü bildirib. A.Kraşnitski polşalı idmançıların Azərbaycandakı Oyunlarda 20 medal əldə etdiklərini vurğulayıb.
Tədbir çərçivəsində, həmçinin Polşa Olimpiya Komitəsinin binasında “Bakı-2015” ilk Avropa Oyunlarına həsr olunan xatirə lövhəsi açılıb. A.Kraşnitski ölkəsinin nümayəndə heyətinin ilk Avropa Oyunlarına hazırlıq dövründə Polşa Olimpiya Komitəsi ilə birlikdə idmançılara göstərdiyi dəstəyə, həmçinin xatirə lövhəsinin qurulması ilə bağlı təşəbbüsə görə səfir Həsən Həsənova təşəkkürünü bildirib.
Sonra Prezident Andjey Duda ölkəsi uğrunda xidmətləri olan və Polşa ictimaiyyətinə sevinc gətirən idmançılara, məşqçilərə, onların ailələrinə və dəstək olan hər kəsə minnətdarlığını bildirib. O, Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında idmançılara müvəffəqiyyətlər arzulayıb.
Sonda 2015-ci ildə fərqlənən idmançılara mükafatlar təqdim olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Polsa_Olimpiya_Komitesinde_birinci_Avropa_Oyunlarina_hesr_olunan_xatire_lovhesi_qurulub-917921

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR