Dərman satışında süni qiymət artıran şirkətin vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa edilib

18:03 13 Yanvar 2016
56 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 yanvar, AZƏRTAC
“Novo Vita P” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən dərman vasitələrinin qiymətinin süni surətdə artırılması barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş vətəndaş müraciəti əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakının Nəsimi rayonunda Mirəli Qaşqay küçəsi 150A ünvanında yerləşən “Novo Vita P” MMC tərəfindən ölkəmizə idxal olunan dərman vasitələrinin qiymətinin süni surətdə dəfələrlə artırılması, gömrük bəyannaməsi olmayan dərman vəsitələrinin anbarda saxlanması və qanunsuz satılması müəyyən edilib.
Bundan başqa, Cəmiyyətin idxal və satışı ilə məşğul olduğu çoxsaylı dərman vasitələrinin ayrı-ayrı həkimlər tərəfindən xəstələrə yazılması müqabilində sonunculara verilən pul məbləğləri (faizlər) yazılmış jurnallar, reseptlər, qara mühasibatlığın aparılmasına dair kitablar və istintaq üçün əhəmiyyət kəsb edən digər qeydlər aşkar edilərək götürülüb.
“Novo Vita P” MMC-nin icraçı direktoru İqbal Heydərin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə dərman vasitələrinin qiymətini süni şəkildə dəfələrlə qaldıraraq vətəndaşların hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasına şübhələr üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb və o, şübhəli şəxs qismində saxlanılıb.
Hazırda cinayət işi üzrə təqsirkar şəxslərin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Derman_satisinda_suni_qiymet_artiran_sirketin_vezifeli_sexsinin_qanunsuz_emelleri_ifsa_edilib-918154

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR