Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sənəddə deyilir:
"İSESKO-nun 12-ci Baş Konfransı və İcraiyyə Şurasının 2015-ci ilin 23-27 noyabr tarixlərində keçirilmiş iclasında Azərbaycan növbəti üç il müddətinə Baş Konfransın sədri seçilmişdir. 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan edilməsi Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinə İslam aləmində verilən yüksək qiymət kimi təqdirə layiqdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və İSESKO Baş Konfransına sədrliyin uğurla həyata keçirilməsinin vacibliyini nəzərə alaraq, İSESKO ilə əməkdaşlığı səmərəli şəkildə əlaqələndirmək məqsədilə qərara alıram:
1. İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası aşağıdakı tərkibdə yaradılsın:
Komissiyanın sədri
Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Komissiyanın üzvləri
Nadir Hüseynov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Firudin Qurbanov - Azərbaycan Respublikası təhsil nazirinin müavini
İntiqam Babayev - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Rauf Hacıyev - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
İsa Həbibbəyli - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
Aynur Sofiyeva - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini
Səyyad Salahlı - Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini
Dağbəyi İsmayılov - Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) baş direktorunun müavini
Urxan Ələkbərov - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru
Vasim Məmmədəliyev - Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".
Milli.Az