Yarımçıq doğulan uşaqlarda təhlükəli göz problemi: risklər, fəsadlar - VİDEO

Yarımçıq doğulan uşaqlarda təhlükəli göz problemi: risklər, fəsadlar - VİDEO
18:52 30 Dekabr 2014
386 Digər
Ölkə mətbuatı
A- A+



Mütəxəssis: “Vaxtında aşkarlanmayan problem korluğa da səbəb olur”

“Hamiləliyin 28-ci  həftəsindən tez doğulan uşaqlar göz dibi müayinəsi olunmalıdırlar”

 

Bakı-APA. “Vaxtından əvvəl doğulan körpələrdə həm də gözün “prematorial retinopatiya” deyilən patologiyası aşkarlanır. 24-31 həftə arasında doğulan uşaqlarda nəinki sistemik problemlər, ağır göz patologiyalarına da rast gəlinir. Çəkisi 1500 qramdan az olan körpələr həm göz patologiyaları, həm də başqa problemlərlə bağlı daha böyük risk faktoruna daxildirlər”.

 

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında oftalmologiya uzmanı, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Oftalmologiya şöbəsinin ordinatoru, tibb xidməti mayoru Anar Rəhimov deyib.

 

Prematorial, yəni vaxtından tez doğuşlarla bağlı qadınların yaş həddinin çox önəmli olduğunu deyən mütəxəssisin sözlərinə görə, çox gənc yaşda və 35 yaşdan sonra hamilə qalan xanımlar bu risk qrupuna daxildirlər.

 

Anar Rəhimov deyib ki, sistemik xəstəlikləri olan, ürək, böyrək, ağciyər problemlərindən əziyyət çəkən, hamiləlik zamanı stress faktoru yaşayan, siqaret çəkən, spirtli içki qəbul edənlər qadınlarda vaxtından əvvəl doğuşlara, eyni zamanda dünyaya gələn uşaqlarda göz patologiyalarının ortaya çıxması hallarına daha çox rast gəlinir. Bir sözlə, sistemik xəstəliklər zəifdən ağıra doğru inkişaf edərək, çoxsaylı göz problemləri də ortaya çıxarır.

 

Oftalmoloq vurğulayıb ki, bütün bunlar refraktiv qüsurlardan tutmuş, çəpgözlük, görmə tənbəlliyi, katarakta, qlaukoma kimi xəstəliklərə səbəb olur: “Bunların içində ən ağırı isə gözün ən arxa, yəni üçüncü təbəqəsi, yaxud sinir təbəqəsi adlanan, başqa sözlə, torlu qişada, beynəlxalq tibbi terminologiya ilə desək, “retina” adlanan təbəqənin patologiyasıdır. Təəssüflər olsun ki, vaxtında diaqnostika aparılmasa, tədbirlər görülməsə, bu, geriyə dönməyən korluqla da nəticələnə bilər”.

 

Bunun daha ağır problem olduğunu deyən mütəxəssisin sözlərinə görə, prematorial retinopatiyalar ümumi göz xəstəliklərinin doqquz faizini təşkil edir: “Göz həkimləri, pediatrlar arasında belə bir fikir var ki, bizdə prematorial retinopatiyaya rast gəlinmir. Amma rast gəlinməməsi, bununla bağlı diaqnostikanın aparılmaması hələ problemin olmaması demək deyil”.

 

Anar Rəhimov onu da deyib ki, prematorial retinopatiyalar 80 faiz hallarda öz-özünə sağala bilir. On faiz hallarda vaxtında aşkar olunarsa və ya müalicə edilərsə,  ağırlaşmaları görünmür. Amma yerdə qalan on faiz hallarda, diaqnostika və müalicə gecikəndə korluğa səbəb olur.

 

Problemin diaqnostikası və dərəcələndirilməsi barədə danışan cərrah-oftalmoloq qeyd edib ki, həkimin problemi düzgün qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir: “Nəzərə almaq lazımdır ki, 32 həftədən tez doğulan uşaqlar risk qrupuna daxildirlər. Təbii ki, onların hamısında bu problem olacaq deyilən bir hal yoxdur. Eləcə də çəkisi 1500 qramdan az olan körpələrin də hamısının prematorial retinoptiya olduğunu demək doğru olmaz”.

 

Həkimin sözlərinə görə, çəkisi 1000 qramdan az olan uşaqlarda demək olar ki, 99 faiz hallarda prematorial retinpotiyalar görülür.

 

Oftalmoloq deyib ki, vaxtından əvvəl doğulan bütün uşaqlar mütləq tez bir zamanda həm də göz müayinəsində cəlb olunmalıdırlar: “Hətta bir sıra ölkələrdə 28-ci həftədən tez doğulan uşaqlar qanuna müvafiq olaraq məcburi qaydada oftalmoloq tərəfindən retina müayinəsindən keçməlidir. 28 həftədən sonra doğulanlarda isə pediatr-neonatoloq belə bir müayinənin aparılıb-aparılmayacağına özü qarar verir. Amma yaxşı olar ki, anadan vaxtında olan uşaqlar da göz müayinəsinə cəlb olunsunlar. Bu mövcud olan problemlərin vaxtında aşkarlanmasına, tez aradan qaldırılmasına kömək etmiş olar”.

 

Prematorial retinopatiyanın necə yarandığını izah edən cərrah bunları deyib: “Hamiləliyin dördüncü ayına qədər gözdə damar olmur. Bircə arteriya olur və onun hesabına göz qidalanır. Dördüncü aydan başlayaraq gözün mərkəzindən burun nahiyəsində doğru şaxə şəklində damarlar inkişaf edir. Və bu səkkizinci aya qədər davam edir. Səkkizinci aydan isə damarlar yanaq, gicgah və alın nahiyəsinə qədər inkişaf edir. Bu isə qırxıncı həftəyə qədər çəkir. Hətta uşaq dünyaya gələndən bir ay sonra proses davam edir.

 

Uşaq bu tamamlanma başa çatmadan əvvəl, xüsusən də 32 həftədən tez, 1500 qram çəkidə doğularsa, deməli, gözdə damarlanma başa çatmayıb və torlu qişanın yarıdan çoxunda damar yoxdur.

 

Gözdə bu proses zamanı ifraz olunan xüsusi bir maddə damarın inkişafını qıcıqlandırır. Uşaq vaxtından əvvəl doğulanda isə oksigen terapiya alır. Qədərindən çox oksigen həmin maddənin inkişafını azaldır və gözün həmin nahiyələri damarsız qalır. Sonradan əmələ gələn damarlar isə sadə dildə desək, ziyanlı damarlar olur. Onlar retina üzərində kələ-kötür şəkildə yerləşir. Və torlu qişanın toxumalardan ayrılması başlayır. Ölü, damarsız zona ilə bağlı vaxtında tədbir görülməsə, sonradan görməni bərpa etmək olmur. Təəssüf ki, bu zaman görülən tədbirlər sadəcə, gözü anatomik olaraq saxlamağa imkan verir”...  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR