Bakı, 18 yanvar, AZƏRTAC
20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü ilə əlaqədar Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin (BŞMTİ) tabeliyində olan müəssisələrdə bir sıra tədbirlər keçiriləcək. Bununla bağlı tədbirlər planı tərtib edilib.
BŞMTİ-dən AZƏRTAC-a bildirilib ki, idarənin kollektivinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarəti daxil olmaqla, tabeliyində olan mədəniyyət evləri, uşaq musiqi və incəsənət məktəbləri, kitabxanalar, muzey və mərkəzlərdə sərgilər, anım gecələri, “dəyirmi masa”lar, kompozisiyalar, ədəbi-bədii gecələr, məlumat saatları və mühazirələr keçiriləcək.
Həmçinin, idarənin nəzdində fəaliyyət göstərən “İstedad mərkəzi” yanvarın 19-da Muzey Mərkəzində 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ithaf olunmuş konsert təqdim edəcək. Mərkəzin rəhbəri Xalq Artisti, professor Zəhra Quliyevanın rəhbərliyi ilə uşaq musiqi və incəsənət məktəblərində təhsil alan istedadlı şagirdlərin ifasında milli və dünya bəstəkarlarının müxtəlif əsərləri səsləndiriləcək.