Sumqayıt, 18 yanvar, AZƏRTAC
Antalyada təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” futbol klubu ilk yoxlama oyununu keçirib.
“Sumqayıt”ın mətbuat xidmətidən AZƏRTAC–a bildirilib ki, baş məşqçi Samir Abasovun rəhbərlik etdiyi komanda Qazaxıstanın “Akjayık” klubu ilə üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə komandamız 1:0 hesablı qələbə qazanıb. Oyunda yeganə qolu “Sumqayıt”ın futbolçusu Pərdis Fərcad-Azad penaltidən vurub.
Qeyd edək ki, “Sumqayıt” növbəti yoxlama oyunlarını Rumıniyanın yüksək liqa klublarına qarşı keçirəcək. Komanda yanvarın 20-də “Voluntari”, iki gün sonra isə 4 dəfə ölkə çempionu olmuş “Petrolul” ilə üz-üzə gələcək.