Bakı, 19 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlam gənclik naminə ağ ölümə yox deyək!” layihəsinin icrası davam edir.
AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi Azərbaycan gəncləri arasında narkomaniyanın yayılmasının qarşısını almaqdan ibarətdir.
Məlum olduğu kimi, narkomaniya dünya ölkələrinin və cəmiyyətlərinin ən böyük problemlərindən biridir. İllərdir ki, bu problemlə müxtəlif vasitə və metodlarla mübarizə aparılır. Problemin mövcudluğu hələ də qalır və get-gedə yayılma miqyası böyüyür. Bu bəla Azərbaycan cəmiyyətindən də yan keçməyib. Narkomaniya Azərbaycan tələbələri üçün də böyük təhlükədir. Bunun üçün isə tələbələr arasında narkomaniya əleyhinə maarifləndirmə tədbirlərinin ölkə miqyasında keçirilməsi, hər bir vətəndaşın informasiya ehtiyacını ödəyəcək, cəmiyyətimizi daim məlumatlandıracaq peşəkar saytın yaradılması və cəmiyyətin aparıcı qüvvəsi olan gənclərdə narkomaniyaya nifrət hissinin oyadılması məqsədlərinin reallaşdırılması nəzərdə tutulur.