Bakı, 19 yanvar, AZƏRTAC
Yaponiyanın Beynəlxalq İnkişaf Agentliyi Azərbaycan hökuməti ilə fəlakətlərin idarə olunması və qarşısının alınması sahəsində əməkdaşlıq etmək niyyətindədir. Bununla bağlı danışıqlar aparmaq üçün Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatının ekspertlər qrupu Azərbaycana səfərə gəlib.
Yaponiya Beynəlxalq İnkişaf Agentliyinin ekspert qrupunun rəhbəri Ryuici Haranın rəhbərliyi ilə Bakıya gələn qonaqlar Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Monitorinq Mərkəzində (RSXM) olublar.
AMEA nəzdində RSXM-in informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli RSXM-də aparılan seysmoloji, geofiziki və geokimyəvi tədqiqatlar haqqında geniş məlumat verib. Azərbaycan seysmoloqlarının Yaponiyanın “Oyo” şirkəti ilə yaxından əməkdaşlıq etdiyini bildirən baş direktor hər iki ölkənin seysmoloqları tərəfindən birgə aparılan tədqiqat işləri barəsində də qonaqları məlumatlandırıb.
RSXM-in “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri S.Kazımova RSXM-də aparılan kompleks seysmoloji tədqiqatlarla yanaşı, mərkəz əməkdaşlarının respublika ərazisində baş verən palçıq vulkanları və sürüşmə zonalarına dair apardıqları tədqiqatların nəticələrinə dair təqdimatla çıxış edib.
Azərbaycan seysmologiyasının çox inkişaf etdiyini bildirən yaponiyalı ekspertlər qarşıya qoyulan problemlərin həlli baxımından RSXM-in böyük potensiala malik olduğunu müşahidə etdiklərini deyiblər.
Yaponiyalı ekspertlər görüşdə həmçinin RSXM-də aparılan işlərlə daha yaxından tanış olmaq niyyətində olduqlarını bildiriblər. Görüşdə həmçinin Yaponiyanın Beynəlxalq İnkişaf Agentliyi və RSXM arasında gələcək əməkdaşlıq perspektivlərinin olmasına dair fikir mübadiləsi aparılıb.