Bakı, 20 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və “JGC” şirkəti arasında əldə olunmuş razılığa əsasən Neft, Qaz Emalı və Neft Kimyası Kompleksinin (NQENKK) 3 mütəxəssisi istehsalat təcrübəsi proqramı çərçivəsində Yaponiyanın Yokohamo şəhərində uzunmüddətli ezamiyyətdə olublar. Mütəxəssislər mühəndislik sahələri üzrə yeni nəzəri məlumatlar öyrənib (off-job training) və “JGC” tərəfindən həyata keçirilən layihələrdə iştirak ediblər.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şirkətin mütəxəssisləri xüsusi proqram təminatı vasitəsilə torpaqlama sisteminin dizaynı, vahid xətt sxemlərinin çəkilməsi və testi, qısa qapanma testinin aparılması, relelərin koordinasiyası, motorun işəsalma testinin aparılması, rele mühafizə sxemlərinin yoxlanılması, avadanlıq və aparatların layihələndirilməsi, ölçülərinin müəyyən edilməsi, FEED mərhələsi üçün hazırlanan layihə sənədlərinin yoxlanılması və sair istiqamətlər üzrə bilik və bacarıqlarını inkişaf etdiriblər. Təcrübəçilər, eyni zamanda, bir neçə layihə üzrə təkliflərin hazırlanması və icrası (EPC mərhələlərində) işlərində də iştirak ediblər.
Yeni və müasir nəzəri-praktik biliklərə yiyələnmiş NQENKK əməkdaşları təcrübəni başa vurub vətənə qayıtdıqdan sonra Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) həyata keçirilən yenidənqurma işlərinə cəlb olunublar.
Proqramın uğurlu təşkilini, icrasını, eləcə də “JGC” şirkəti tərəfindən təcrübə proqramının davam etdirilməsinə marağı və maliyyə dəstəyini nəzərə alaraq, bu il NQENKK və NEZ üzrə daha 6 mütəxəssisin dörd ay müddətinə Yaponiyaya ezam olunması nəzərdə tutulur.
SOCAR-ın əməkdaşları Yaponiyanın “JGC” şirkətində istehsalat təcrübəsi keçiblər