Bakı, 22 yanvar, AZƏRTAC
Moody's Beynəlxalq Reytinq Agentliyi Azərbaycanda devalvasiyadan sonra yaranmış iqtisadi çətinliyin fonunda "Bank of Baku"nun maliyyə potensialının qarşılaşa biləcəyi itkiləri minimum səviyyədə saxlamaq iqtidarında olduğunu qeyd edib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, manatın devalvasiyası nəticəsində xarici valyutada kredit götürmüş müştərilərin geri-ödəniş qabiliyyətinin aşağı düşməsi ilə problemli kreditlərin artacağını və bankın aktivlərinin keyfiyyətinin və gəlirliliyinin ölkənin cari vəziyyətində aşağı düşəcəyinin qaçılmaz olduğunu əsas götürərək, agentlik "Bank of Baku"nun reytinqini B1 səviyyəsindən B3 səviyyəsinə dəyişib.
Agentliyin dərc etdiyi son nəşrdə neftin dəyərinin beynəlxalq bazarda kəskin ucuzlaşması nəticəsində neft ixrac edən ölkələrin iqtisadiyyatında yaranmış böhran vəziyyəti ilə onların yerli valyutalarının dollar qarşısında dəyərsizləşməsi xüsusilə vurğulanıb. Bununla yanaşı, hesabatda neftin qiymətinin aşağı düşməsi ilə paralel olaraq ölkəmizdə yaşanmış ikinci devalvasiyanın ardınca yerli valyutamızın sərbəst üzən məzənnə rejiminə keçməsinin, həmçinin banklarda mövcud yüksək dollarlaşma səviyyəsinin onların gəlirliliyinə mənfi təsirsiz ötməyəcəyi öz əksini tapıb. Məhz bunları əsas götürərək, beynəlxalq agentlik bir sıra bankların reytinqini aşağı salıb.
Bankın yanvarın 1-nə olan maliyyə göstəricilərinə əsasən məcmu kapitalının adekvatlıq əmsalı 13,75 faiz təşkil edir ki, bu da Mərkəzi Bankın təyin etdiyi minimum 10 faiz tələbindən yüksəkdir. Həmçinin bankın kredit portfeli üzrə yaratdığı ehtiyatın həcmi qeyri-işlək kreditlərin həcminin 98 faizinə bərabərdir. Bankın xarici valyutada verilmiş kreditlərin payı ümumi kredit portfelində 34 faizdən aşağıdır ki, bu da bank sektorunun ən aşağı göstəricilərindən biri olaraq qiymətləndirilir. Devalvasiyadan əvvəl bankın dollarla olan kredit portfeli ümumi portfelinin 26 faizdən aşağı hissəsini təşkil edib.
Bütün bu göstəricilərə əsasən, bankın likvid aktivlərinin ümumi aktivlərə nisbətinin 17 faizdən çox olmasını nəzərə alaraq agentlik son nəşrində bankın adekvat ehtiyatlarının və sağlam kapitalının yaxın 12-18 ay ərzində müşahidə olunacaq itkilərin qarşısının alınmasında kifayət edəcəyini qeyd edib.