Kiyev, 23 yanvar, AZƏRTAC
Yanvarın 22-də Azərbaycanın Ukraynadakı səfirliyində respublikamızın bu ölkədəki müvəqqəti işlər vəkili Nazim Əliyevin Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilatın – GUAM-ın baş katibi Altay Əfəndiyev ilə görüşü olub. Bu barədə AZƏRTAC-a Kiyevdən, GUAM-ın Katibliyindən məlumat veriblər.
Söhbət zamanı GUAM ölkələrinin hazırkı durumu və əməkdaşlığının perspektivli istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Azərbaycan Respublikasının GUAM-a və qurumun Parlament Assambleyasına sədrliyinin əhəmiyyətini vurğulayan tərəflər sədrlik proqramını uğurla həyata keçirmək üçün sıx qarşılıqlı fəaliyyət barədə razılığa gəliblər.
Danışıqlarda əminlik ifadə olunub ki, Azərbaycanın sədrliyi GUAM ölkələrinin əməkdaşlığının inkişafına, habelə qurumun beynəlxalq əməkdaşlığının genişlənməsinə yeni təkan verəcək.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev