Salyan, 27 yanvar, Mahir Babayev, AZƏRTAC
Son günlər Kür çayının Salyan və Neftçala rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi qalxıb.
AZƏRTAC xəbər verir ki, iki ay bundan əvvəl Kür çayında suyun səviyyəsinin kəskin aşağı düşməsi nəticəsində bir sıra çətinliklər yaranmışdı. Çayda səviyyə aşağı düşdüyündən nasoslar tam gücü ilə işləyə bilmirdi. Bu da suvarmada müəyyən çətinliklər yaradırdı. Ancaq son vaxtlar havaların yağmurlu keçməsi Kür çayına da öz təsirini göstərib. Çayda suyun səviyyəsi yüksəlməyə başlayıb. Bu, daha çox Kürün aşağı axarında - Salyan və Neftçala rayonu ərazisindən keçən hissəsində müşahidə olunur. Son bir ayda çayda suyun səviyyəsi 80 santimetrə yaxın qalxıb. Səviyyənin qalxması hər iki rayon üçün elə bir təhlükə yaratmasa da ərazidə qabaqlayıcı tədbirlər görülür. Lil soran gəmi vasitəsilə çayda dibdərinləşdirmə işləri aparılır ki, bu da çayın sürətli axınını təmin edir. Bununla yanaşı, çayın axarı boyunca sahilbərkitmə işlərinə də start verilib.