Bakı, 27 yanvar, AZƏRTAC
Soçidə şən və hazırcavablar klublarının “KiViN-2016” beynəlxalq festivalı başa çatıb. ŞHK komandalarının bu böyük toplantısında ölkəmizi Azərbaycan Regional Liqasında çıxış edən bir neçə komandanın daxil olduğu böyük nümayəndə heyəti təmsil edib.
Azərbaycan Şən və Hazırcavablar Klubunun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycanın “Qarabağ” komandası beynəlxalq ŞHK İttifaqının rəsmi tədbirində ilk dəfə iştirak edib. Əsas ümid isə “Sbornaya Baku” və “Sbornaya BQU” komandalarına idi.
2015-ci il mövsümündə Azərbaycan Regional Liqasının çempionlarından biri olmuş “Sbornaya BQU” komandası “KiViN” festivalı çərçivəsində regional çempionlar kubokunda uğurla çıxış edib. Festivalın yekunlarına əsasən mərkəzi liqaların birinə dəvət almış “Sbornaya BQU” yeni mövsümü həmin liqada keçirəcək. “Sbornaya Baku” komandasının kollektivi öz televiziya statusunu təsdiq edə bilib. Gənclər bu il yayda Svetloqorsk şəhərində keçiriləcək və Birinci kanal ilə translyasiya ediləcək “Qolosyaşşiy KiViN” beynəlxalq musiqi festivalına dəvət alıblar.
Azərbaycan Şən və Hazırcavablar Klubunun bu tədbirdə iştirakı Azərbaycan Gənclər və İdman Nazirliyinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin dəstəyi sayəsində mümkün olub.