Bakı, 28 yanvar, AZƏRTAC
Sosial şəbəkələrin ən çox müzakirə olunan mövzularından biri də builki Oskar təqdimatında qaradərili nominantların olmamasıdır.
AZƏRTAC pagesix.com saytına istinadla xəbər verir ki, bu müzakirələr fonunda pop kralı Maykl Ceksonun roluna ağdərili aktyorun dəvət olunması barıt çəlləyinə atılmış kibrit effektini verib.
“Elizabet, Maykl və Marlon” telefilmi 2001-ci ilin sentyabrında Nyu-Yorkda Maykl Ceksonun konsertinə getməyə hazırlaşan görkəmli aktyorlar Marlon Brando və Elizabet Teylorun başına gələn əhvalat haqqındadır. Konsert ərəfəsində Nyu-Yorkda baş verən terror aktları üçlüyün şəhəri tərk edərək kirayələnmiş maşınla San-Fransiskoya getməsi ilə nəticələnir. Hadisələrin həqiqətə nə qədər uyğun olması şübhə altında olsa da, tamaşaçıları daha çox hiddətləndirən Maykl Ceksonun roluna Cozef Faynsın təsdiqlənməsidir. “Vurğun Şekspir” filminin baş qəhrəmanını canlandırmış C.Fayns verdiyi müsahibələrin birində M.Ceksonun roluna dəvətinin özü üçün də gözlənilməz olduğunu bildirib. “Mən Londondan olan ağ oğlanam”,- deyə C.Fayns bildirib.
Bundan əlavə Maykl Cekson 1993-cü ildə verdiyi müsahibələrdən birində nə vaxtsa onun rolunu ağdərili aktyorun ifa etməsinin əleyhinə olduğunu bildirib. Həmin müsahibəsində pop kralı afroamerikalı olduğu ilə fəxr etdiyini də bildirib.

