A+
A

Bərdə, 29 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Qarabağ regionunun ən böyük çörək istehsalı müəssisəsi olan “Bərdə-Çörək” ASC 1980-cı illərin əvvəllərində xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə tikilib istifadəyə verilib. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq “Bərdə-Çörək” ASC yenidən qurulub, müasir avadanlıqlarla təchiz edilib. Sutkalıq istehsal gücü 55 ton olan zavodda 3 növbəli iş rejimi tətbiq edilməklə, gündəlik 10-12 ton çörək istehsal olunur. Müəssisə Bərdə və ətraf rayonların əhalisinin yüksək keyfiyyətli çörəklə təmin edilməsində mühüm rol oynayır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Bərdə-Çörək” ASC-nin idarə heyətinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Məhərrəm Şəfiyev deyib. Sahibkar bildirib ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlməsi ilə digər sahələrdə olduğu kimi, əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində də mühüm addımlar atıldı. Torpaq islahatının aparılması və dövlət əmlakının özəlləşdirilməsi nəticəsində bazar iqtisadiyyatının əsasını təşkil edən azad sahibkarlıq bərqərar oldu. Kənd təsərrüfatının bütün sahələrində gedən tənəzzül iqtisadi artımla əvəzləndi.
M.Şəfiyev qeyd edib ki, ümummilli lider Heydər Əliyevin 2002-ci ildə sahibkarlarla görüşünün iştirakçısı olub. Dahi rəhbərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də sahibkarlarla müntəzəm görüşlər keçirir, sahibkarlığın inkişafı istiqamətində tövsiyə və tapşırıqlar verir. Manatın devalvasiyasından sonra dövlətimizin başçısının tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azad olunması bu sahədə qiymətin aşağı düşməsi ilə nəticələndi. Çörəyin maya dəyərinin aşağı düşməsi həm sahibkarlara stimul yaradır, həm də əhalinin sosial rifahının yaxşılaşmasına öz töhfəsini verir. İndi zavodda istehsal edilən 520-530 qramlıq çörək ticarət obyektlərinə 27 qəpiyə verilir.
“Prezident İlham Əliyevin iştirakı ilə keçirilən regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransa sahibkarların da dəvət olunması və onların dinlənilməsi iş adamlarına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Sahibkarlar üçün yaradılan əlverişli şəraitə görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm. Biz sahibkarlar çalışacağıq ki, fəaliyyətimizi daha da genişləndirməklə, ölkəmizin ərzaq təhlükəzisliyinin təmin edilməsinə və yeni iş yerlərinin yaradılmasına öz töhfəmizi verək”, - deyə Məhərrəm Şəfiyev bildirib.
Bərdəli sahibkar: Ölkəmizin ərzaq təhlükəzisliyinin təmin edilməsinə töhfə verməyə çalışacağıq
Bərdəli sahibkar: Ölkəmizin ərzaq təhlükəzisliyinin təmin edilməsinə töhfə verməyə çalışacağıq