Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, polis və prokurorluq əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1979-cu il təvəllüdlü Ruhi Kamal oğlu Allahverdiyev tutulub.
Saxlanan şəxsin ətrafında aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində Ruhi Allahverdiyevin qətl törədilən evdə ustalıq etdiyi və onun ev sahibləri ilə arasında pul üstündə bir neçə dəfə münaqişə yarandığı məlum olub. Qətlin də məhz həmin münaqişə zəminində törədildiyi ehtimal olunur.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırmalar davam etdilir.

Qətlə yetirilən Aleksandr Məhərrəmov
Hadisə yanvar ayının 19-da paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Mənzillərdən birində üzərində xəsarətlər olan iki meyit aşkarlanıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Nərimanov rayonunda mənzildə 1949-cu il təvəllüdlü Janna Hənifəyevna Məhərrəmova və 1982-ci il təvəllüdlü Aleksandr Gennadiyeviç Məhərrəmovun bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıblar. Onların cəsədini aidiyyəti üzrə təhvil veriblər.
Qətlə yetirilən Aleksandr Janna Məhərrəmovanın oğludur.

Hadisə baş verən ərazi
Hadisədən sonra prokurorluqdan məsələ ilə bağlı bildirmişdilər ki, A. M. Cümə küçəsi ev 4, mənzil 21-də cəsədi aşkarlanan hər iki şəxs öz əcəli ilə dünyasını dəyişməyib. Hər iki şəxs baş nahiyəsindən küt alətlə xəsarət yetirilərək öldürülüb.
Hadisənin tamah məqsədi ilə törədildiyi ehtimal edilirdi.


Qətl törədilən bina
Aleksandr Gennadiyeviç Bakıda beynəlxalq şirkətlərdən birində işləyirdi.
Araşdırma zamanı müəyyən olunub ki, qatil cinayəti törətdikdən sonra qapını bağlayıb. Bu isə şübhə yaradır ki, qatil ev sahiblərinə yaxın bir insan olub.