A–
Bakı, 29 yanvar, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov yanvarın 29-da Saatlı rayonunda ictimaiyyət nümayəndələri ilə görüşüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti AZƏRTAC-a bildiriblər ki, rayonun Gənclər Mərkəzində keçirilən görüşdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, ictimaiyyətin nümayəndələri, sahibkarlar və Saatlı rayonundan seçilmiş Milli Məclisin deputatları iştirak ediblər.
Əvvəlcə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov rayonda görülən işlər və nəzərdə tutulan layihələr barədə məlumat verib. Qeyd olunub ki, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi böyük diqqət və qayğı nəticəsində respublikada, o cümlədən Saatlıda müasir infrastruktur, istehsal və emal müəssisələri yaradılıb, yeni iş yerləri açılıb.
Açıq dialoq şəraitində keçən görüşdə H.Bağırov bildirib ki, müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən, ölkənin inkişafına və modernləşdirilməsinə yönəlmiş səmərəli dövlətçilik siyasəti nəticəsində böyük nailiyyətlər qazanılıb. Bu uğurların təməlində düşünülmüş siyasət, sabitlik, iqtisadi islahatlar dayanır. Dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və uzaqgörən siyasət nəticəsində ölkədə siyasi sabitlik, güclü iqtisadi potensial yaradılıb. İqtisadiyyatın şaxələndirilməsi, neft amilindən asılılığın azaldılması, biznes mühitinin təkmilləşdirilməsi, sahibkarlara dəstək göstərilərək iqtisadiyyatın mənfi təsirlərə qarşı dayanıqlılığının təmin edilməsi istiqamətində qısa müddətdə effektiv islahatlar aparılıb.
Nazir vurğulayıb ki, ölkəmizdə münbit investisiya mühiti yaranıb, xarici və daxili investorlar Azərbaycana inamla yanaşır. Daxili sabitlik, xalqla iqtidar arasındakı birlik, cəmiyyətdə ölkəmizin gələcəyi ilə bağlı nikbinliyin üstünlük təşkil etməsi iqtisadi inkişafımıza təkan verir. Sevindirici haldır ki, son illər ərzində qeyri-neft sektoru sürətlə inkişaf edir. Bu, neft kapitalının insan kapitalına, infrastruktur layihələrinə yönəldilməsi sayəsində mümkün olub. Gələcək illərdə aparılan islahatlar isə qeyri-neft sektorunun daha da inkişaf etməsinə gətirib çıxaracaq.
H.Bağırov qeyd edib ki, Prezident İlham Əliyev 2016-cı ildə qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirib və onların yerinə yetirilməsi üçün ciddi tapşırıqlar verib. Özəl bölmənin inkişafı istiqamətində görülən işlər, xüsusilə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində dövlətimizin başçısı tərəfindən qəbul edilən qərarlar bu sektorun inkişafında mühüm əhəmiyyət kəsb edir, ölkənin, eləcə də regionların inkişafı üçün böyük imkanlar yaradır. Nazir mövcud iqtisadi sabitliyin qorunub saxlanılması üçün fermerlərə, sahibkarlara onlara ayrılmış pay torpaqlarından, ümumiyyətlə rayonun torpaq fondundan səmərəli şəkildə yararlanmağı və yerli iqtisadiyyatın daha da inkişafı üçün müasir texnoloji prosesləri zamanında dəyərləndirməyi tövsiyə edib. Sosial-iqtisadi inkişafın dayanıqlığının təmini üçün qüvvələrin səfərbər olmasının vacibliyini vurğulayıb.
Nazirlik tərəfindən rayonda görülmüş işlərə də toxunan H.Bağırov bildirib ki, əhalinin ekoloji cəhətdən sağlam mühitə malik olması üçün bir sıra tədbirlər görülüb, dövlətimizin başçısının tapşırığına əsasən əksər kəndlər sutəmizləyici qurğularla təchiz edilib, geniş miqyasda yaşıllıq sahələri salınıb. Növbəti 2 il ərzində isə rayonun daha 30 kəndində sutəmizləyici qurğular quraşdırılacaq. H.Bağırov, eyni zamanda, yeni iş yerlərinin açılması məqsədilə Saatlı rayonunda yerli şəraitə uyğun ağac növlərinin yetişdirilməsi üçün tinglik təsərrüfatlarının yaradılması ilə bağlı nazirliyin aidiyyəti qurumlarına tapşırıq verib.
Görüşdə çıxış edən Milli Məclisin deputatları da mövcud şəraitdə iqtisadi sabitliyin qorunub saxlanılmasının əhəmiyyətini vurğulayıb, seçicilərin müraciət və təkliflərini səsləndirib, rayonda görülmüş işləri müsbət qiymətləndiriblər.
Sonda tədbir iştirakçıları, xüsusən də sahibkarlar regionlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.