A–
Roma, 31 yanvar, AZƏRTAC
Azərbaycanın İtaliyadakı müvəqqəti işlər vəkili Vüqar Hacıyevin “Osservatorio Balcani e Caucaso” portalında daha öncə yayımlanmış, ölkəmizə girişi qadağan olunmuş şəxslərlə bağlı əsassız fikirlərin yer aldığı məqaləyə cavab məktubu yerləşdirilib.
Məktubda deyilir: “Bir daha xatırlatmaq istərdik ki, Azərbaycan ilə İtaliya arasında standart viza proseduru mövcuddur. Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş bölgələrinə respublikamızın icazəsi olmadan daxil olmaq ölkəmizin viza və miqrasiya qanunlarına qarşı çıxmaq deməkdir. Bu addımı atan xarici vətəndaşların Azərbaycana daxil olması qadağan edilir və onlar ölkəmizin Xarici İşlər Nazirliyi tərəfindən “Arzuolunmaz şəxslər siyahısı”na salınır. Yalnız həmin şəxslər səfərlərinin qeyri-qanuni olduğunu etiraf etdikləri, ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinə, ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdıqlarını bəyan etdiyi halda Azərbaycan hökuməti onların müvafiq siyahıdan çıxarılması məsələsinə baxa bilər”.
Diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verərək bildirib ki, Dağlıq Qarabağ beynəlxalq birlik tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınır. 20 ildən çoxdur ki, bu bölgə və ona bitişik yeddi rayon Ermənistanın işğalı altındadır və bu fakt BMT-nin Təhlükəsizlik Şurasının, habelə Baş Məclisinin sənədlərində əksini tapıb.
V.Hacıyev diqqətə çatdırıb ki, “Arzuolunmaz şəxslər siyahısı”na daxil edilənlər peşə fəaliyyətləri ilə əlaqədar deyil, məhz Azərbaycan ərazisinə qeyri-qanuni şəkildə giriş etdikləri üçün bu siyahıya salınıblar. Müvafiq məsələ ilə bağlı, həmçinin İtaliya Xarici İşlər Nazirliyinin www.viaggiaresicuri.it saytında İtaliya vətəndaşlarına Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edərkən sözügedən məqamlara diqqət etməyə çağıran xəbərdarlıq yer alıb. “The New York Times” qəzetinin, Qərbin bir sıra media qurumlarının və QHT-lərinin nümayəndələrinin Azərbaycanın işğal olunmuş ərazilərinə ölkəmizdə müvafiq media akkreditasiyasından keçdikdən sonra səfər etmələri nümunə kimi göstərilə bilər. Azərbaycan Respublikasının qanuni tələbini “ifadə azadlığına hücum” kimi təhrif edənlər anlamalıdırlar ki, hər kəs qanun qarşısında bərabərdir.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma