A+
A–

Bakı, 3 fevral, AZƏRTAC
Dünyada cərəyan edən siyasi gərginlik və qlobal iqtisadi böhranla əlaqədar neftin qiymətinin ucuzlaşması səbəbindən yaranmış vəziyyətə baxmayaraq, “Cənub qaz dəhlizi” layihəsi ilə bağlı işlərdə indiyə qədər ləngimə olmayıb.
Energetika Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu sözləri energetika naziri Natiq Əliyev ölkəmizdə səfərdə olan Yunanıstanın xarici işlər naziri Nikos Kotziasın başçılıq etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdə deyib. Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan N.Əliyev bu əlaqələrin dostluq münasibətlərinə və qarşılıqlı etimada əsaslandığını deyib. Nazir iqtisadi sahədə əlaqələrin inkişafına təkan verəcək enerji əməkdaşlığı üçün “Cənub qaz dəhlizi” layihəsinin maneəsiz həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Bildirilib ki, “Cənub qaz dəhlizi” layihəsinin əsas hissələrindən olan “Şahdəniz Mərhələ 2” üzrə işlərin 50 faizi tamamlanıb, 26 qaz hasilat quyusundan 8-i artıq qazılıb. “Cənub Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi” layihəsi üzrə nəzərdə tutulan tədbirlər də uğurla reallaşdırılır. Azərbaycanın təbii qazını Türkiyədən keçməklə Avropaya çatdıracaq Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi ilə bağlı tikinti işləri də fasiləsiz qaydada davam etdirilir.
N.Əliyev dünyada cərəyan edən siyasi gərginlik və qlobal iqtisadi böhranla əlaqədar neftin qiymətinin ucuzlaşması səbəbindən yaranmış vəziyyətə baxmayaraq, “Cənub qaz dəhlizi” layihəsi ilə bağlı işlərdə indiyə qədər ləngimə olmadığını deyib. Qeyd edib ki, bundan sonra da bir addım belə dayanmadan bu layihə vaxtında başa çatdırılacaq. Çünki bu nəhəng layihə iqtisadiyyatın inkişafı ilə yanaşı, Azərbaycanın nüfuzunun gücləndirilməsi baxımdan mühüm əhəmiyyət daşıyır.
Nazir “Trans-Adriatik” qaz boru kəmərinin (TAP) Avropanın enerji təhlükəsizliyinə yaradacağı müsbət imkanları nəzərə alan Avropa Komissiyasının yeni qaz mənbələrinin, marşrutlarının və şaxələndirilməsinin təmin olunması məqsədilə layihənin 3-cü hissəsinin reallaşdırılmasına icazə verilməsinə yönəlik addımlarını təqdir edib. Bildirib ki, Yunanıstanın bu istiqamətdə dəstəyinə böyük ehtiyac var. Çünki TAP hazır olmasa, onda Azərbaycan qazının Avropaya çatdırılmasına nail ola bilmərik. Ona görə də TAP-ın vaxtında reallaşması layihənin hər kəs üçün səmərəli olmasını təmin edəcək.
TAP-ın Avropanın enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndirən Yunanıstanın xarici işlər naziri Nikos Kotzias isə bildirib ki, ölkəsi Azərbaycan qazını almaq istiqamətində bütün məsələləri həll edib. Yaxın gələcəkdə Azərbaycan qazı TAP-la Avropaya nəql olunacaq.
N.Kotzias, həmçinin Yunanıstanın Milli Qazpaylayıcı Şəbəkəsinin operatoru olan DESFA şirkətinin özəlləşdirilməsi ilə bağlı məsələnin də tezliklə həllini tapacağına ümidvar olduğunu deyib.
Sonra “Cənub qaz dəhlizi” layihəsində təmsil olunan ölkələrin enerji nazirlərinin Məşvərət Şurasının fevralın sonunda keçirilməsi planlaşdırılan ikinci iclası ilə bağlı məsələlər müzakirə edilib. Görüşdə qarşılıqlı maraq doğuran digər mövzular ətrafında da fikir mübadiləsi aparılıb.