"Axmaqların müəllimi söz yox, ağıllı söz eşitməmək bəlasıdır" (Demokrit)
Azərbaycanın üzləşdiyi ən böyük problem qlobal iqtisadi-maliyyə böhranını təsiri, böyük dövlətlərin öz şərtlərini bizə diktə etməyə çalışmaları və ya hər hansı qeyri məqam deyil.
Problem Azərbaycanda yaşayan, amma yaşamının fərqinə varmayaraq ölkəsini düşmən sayan, sonra da düşmənlərlə əlbir olaraq bizə qənim kəsilən insanların elə özlərinin mənəvi və siyasi intiharlarını anlamamalıdır.
Belələri diri ölülərdir. Psixologiyada intihara meylli insanların qərarından çəkindirilməsi, fikrindən dönməsi üçün suisidə meylin aradan qaldırılması üzrə ixtisaslaşmış mütəxəssislər "diri ölülər"i ölmək istəyən dirilər adlandırırlar.
Psixiatrlar problemi həll etməyin çoxsaylı yol, vasitə və metodlarını sadalasalar da, əsas ünsürün şüura təsir olduğunu vurğulayırlar.
Bir sözlə, dərk etmə problemi, yəni koqnitiv dissonans ağır bəladır.

Ələlxüsus da bu müşkül şüurdakı ağır fəsadlarla müşayiət olunursa.
Şüurlarında qüsur, mənəviyyatlarında fəsadlar olanlar arasında Rusiyada yaşayan ləzgi separatçılar da var. Onlar sadəcə, milli mənsubiyyət baxımından ləzgilərdir. Ləzgi xalqının adından danışıb ləzgilərə qənim kəsilən həmin adamlar maraqlarını "ümummilli mənafe" kimi qələmə verir, Azərbaycanda yaşayan ləzgiləri hansısa efemer "mübarizə"yə səsləyir, "huquqların pozulması"ndan bəhs edirlər.
Hüquqların qorunması, haqlar uğrunda mübarizə pis deyil və istənilən xalqın varlıq, mövcudluq şərtlərindən biridir.
Amma insanların özlərinə qarşı mübarizə aparmaları suisidal meyldir ki, bu da normal təfəkkürə tam zidd məqamdır.
Ləzgi separatçılar da məhz milli mənsubiyyətlərini ön plana çəkir, "biz də ləzgiyik və ləzgiləri düşünürük" deyir, ləzgilərə düşmən olduqlarını bu yalanlarla pərdələməyə çalışırlar.
Bəhs etdiyimiz separatçılar siyasi fəaliyyət adlandırdıqları anomaliyalarla sosial şəbəkələrdə məşğul olmağa üstünlük verirlər.
Facebook, Odnoklassniki, Vkontakte, habelə İnstagram-da adlarında mütləq şəkildə "ləzgi" kəlməsinin əks olunduğu səhifələrlə qruplar yaradan kölgə məxluqları Azərbaycanı, hər birimizi hədəfə alıblar.
Onlar hansısa hüquqlardan, haqlardan, mənafedən danışsalar da, fəaliyyətlərinin yetərincə sadə açması var: bizə nə qədər pis olarsa, onlara bir o qədər yaxşıdır.
Hər dəfə bir mövzu, bir "səbəb", bir hadisə ilə bağlı aktivləşən separatçılar bu dəfə gündəmə 1921-ci ilin yanvarın 24-də o vaxtkı Azərbaycan SSR və RSFSR arasında imzalanmış anlaşmanı gətiriblər.
Xatırladaq ki, həmin sənəd əsasında Azərbaycanla Rusiya arasındakı sərhəd müəyyənləşdirilmişdi. Həmin sərhəd isə ləzgiləri iki yerə ayırmışdı. Ləzgilərin bir qismi Dağıstanın cənub, digər qismi isə Azərbaycanın şimal rayonlarında qalmışdılar.
Dünya siyasətində və tarixin praktikasında az qala Babilistandakı gil lövhələr qədər yaşı olan belə hadisələr ən müxtəlif vaxtlarda çeşidli məkanlarda olub.
Avropada Sileziya, Şlezvik, Moraviya, Prussiya, Asiyada Bomnama, Kəşmir, Cəmmu, Afrikada Niger vadisi, Şimali Amerikada "Böyük Göllər", Cənubi Amerikada 6 ölkə arasındakı sərhəd bölüşməsi, Okeaniyada Sumatra və Yava adalarının bölünməsi - presedentlər yetərincədir. Hətta çoxdur və indiyədək bu bölünmələrin heç biri hansısa dövlətdə uydurma "milli-azadlıq mübarizəsi" üçün səbəb sayılmayıb.

Məsələn, ABŞ-da siu hinduları heç zaman ağıllarına da gətirməyiblər ki, yarıdan çoxları Kanada ərazisində qalıb və buna görə də amerikalı siularla kanadalı siular birləşərək "Böyük Siu Dövləti" yaratmağa çalışmalıdır.
Yaxud Çexiya, Avstriya və Almaniya arasında bölünmüş sileziyalılar bir hissələrinin də Fransada olduqlarını deyərək "Azad Sileziya" yaratmaq fikrinə düşmürlər.
Çünki onlar separatçılığın millətə, xalqa, insanlara bəlalar verəcək fəlakət olduğunu anlayırlar və separatistlərin də, yumşaq desək, funksionallığını itirərək emosiyalarla, çılğın istəklərlə idarə olunan beyinlərini sakitləşdirirlər.
Rusiyadakı ləzgi separatçılar isə deyəsən, yalnız instinktiv davranış modelində olduqlarından təfəkkür, soyuqqanlı təhlil onlara bilmərrə yaddır.
Həmin separatçılar tarixdən və siyasətdən tam bixəbər olduqlarını sübut edərək deyirlər ki, sən demə, 1921-ci ilin yanvarın 24-də ləzgilər Samur çayı boyunca keçmiş Azərbaycan Sovet Sosialist Respublikası və Dağıstan Muxtar Sovet Sosialist Respublikası arasında müəyyənləşdirilmiş sərhəd nəticəsində iki hissəyə bölünüblər.
Sosial şəbəkələrdəki isteriya ilə kifayətlənməyən bu "homo separatus"lar ötən ayın 21-də Dağıstanın Məhərrəmkənd rayonunda, avtomobil yollarının kənarında "ləzgilərin bölünməsi" mövzusunda bannerlər və plakatlar da quraşdırmışdılar.
Rayon rəhbərliyi həmin məkanın absurd teatrına səhnə olmasını istəmədi və Reyçel Qoldenberqin filmlərindəki "Sarsaqların axmaqlığa çağırışları!" hərəkatının yol kənarlarına çıxardıqları şüarlara bənzəyən bannerlərin yığışdırılmasına göstəriş verdilər.
Psixiatrlar yaxşı bilirlər: aqressiv kompleksləri olan pasiyentin şüurunu qəsb etmiş sarsaq ideyaya maneə yaradılanda o, səddi aşmaq üçün bütün yollara atır.
Rusiyadakı ləzgi separatçıların da ən fəal qurumlarından olan "Federal Ləzgi Milli-Mədəni Muxtariyyəti"nin bihudə könüllüləri son vaxtlar "Avropanın Azsaylı Xalqlarının Federalist Şurası", BMT-nin "Təmsil olunmayan xalqlar təşkilatı", Avropa Parlamenti və Avropa Şurasını müraciət, şikayət və məktub bombardmanına məruz qoyur, Azərbaycanda yaşayan ləzgilərin guya sıxışdırıldıqları, ləzgi mədəniyyətinin və dilinin inkişafına şəraitin olmaması barədə həmin qurumlara yalanları fasiləsiz yollayırlar.

"Federal Ləzgi Milli Mədəni Muxtariyyəti"in vitse-prezideneti Ruslan Kurbanov isə elə vəcdə gəlib ki, keçən həftənin əvvəllərində Brüssel Universitetində "Dağıstanın bölünmüş xalqlarının siyasi şüurunun transformasiyası və davranışı beynəlxalq təşkilatlarla qarşılıqlı təmaslar şəraitində" (!) adlı mühazirə oxuyub.
Adında məntiqi paradoks olan bum mühazirə əslində "ləzgilərin Azərbaycanda assimilyasiyaya məruz qalmaları" kimi tamamən əsassız, heç bir fakta söykənməyən iddiaların nəqarat kimi səsləndiyi vaysınma idi.
Belə vaysınmalar 2014-cü ildə yaradılmış "Qafqaz Geosiyasi Klubu"nun fəaliyyəti və ümumən, varlığının məhvər prinsipidir.
Azərbaycan, Gürcüstan, Moldova və Ukraynadakı separatçıları dəstəkləyən, ermənipərəst, antitürk, antiazərbaycan yönlü bu kvazistrukturun saxta intellektual potensialının nədən ibarət olduğunu anlamaq üçün həmin "klub"un ən "nüfuzlu analitik və müəlliflərindən biri"nin separtizmin zədəli marionetkası, özünü "Faxroddin Aboszoda" kimi identifikasiya edən Fəxrəddin Abbaszadənin olduğunu yazmağımız yetərlidir.

"Siyasi klub" olduğunu iddia edən bu strukturun səthi təhlili belə göstərir ki, bəhs etdiyimiz qurum Rusiyanın "Regnum" informasiya agentliyi tərəfindən yaradılıb və həmin agentlik tərəfindən idarə olunur.
Üstəlik, daha çox "atılmışlar və aldanmışlar klubu" adlandırıla biləcək "Qafqaz Siyasi Klubu" sözügedən "Regnum"un digər strukturu - "Regnum Expert" (İREX) ilə birbaşa bağlıdır. Daha doğrusu, klub İREX-in bölmələrindən biridir və fəaliyyəti bütünlüklə Rusiyadakı şovinist, ifrat millətçi, Dnestryanı bölgə, Donetsk və Luqansk, Abxaziya və Cənubi Osetiya, Dağlıq Qarabağ kimi separatizm məkanlarının intensiv şəkildə "dəstəklənməsi"ndən ibarətdir.

Sosial şəbəkələrdəki separatçılar dövlətimizə qarşı düşmənçiliklə primitiv şəkillə məşğul olursa, "Qafqaz Siyasi Klubu" belə troqlodit şüuruna sivil görkəm verməyə can ataraq "siyasi araşdırmalar" apardığını iddia edir.
Həmin araşdırmalar isə böhtan və yalanlarla dolu, məntiqdən kənar olduğundan ünvanlanan kütlənin özü tərəfindən rədd olunur.
Deyilənə görə, "Qafqaz Siyasi Klubu"nun "analitik"lərindən biri Faxrəddin Abbaszadəyə "haqları uğrunda mübarizə apardığı" talışlardan biri Moskvada sual veribmiş: "Sən bu qədər cəfəng işlərlə məşğul olub özünü sərsəm göstərməkdən bezmədinmi?"
Abbaszadənin cavabı guya yumorlu olsa da, özünüifşa idi: "Ağıllı ola bilərəm, amma mənə ağıllı olmağa görə pul vermirlər ki..."

Və o da təsadüf deyil ki, "Qafqaz Geosiyasi Klub"unun müəllifləri Ermənistana olan ilıq münasibətlərini gizlətmir, hətta minlərlə azərbaycanlının qatili olmuş Qaregin Njdeni "qəhrəman" sayır, onu Şeyx Şamilə "bərabər igid" adlandırır və "Azərbaycana divan tutan hər kəs bizə dostdur" deyirlər.
Separatizm belə, klounadaya dönəndə iyrənc təsir bağışlayır.
Elçin Alıoğlu
Milli.Az