Nazirlikdən bildirilib ki, artıq neçə ildir ölkənin ümumi təhsil məktəbləri üçün yeni təhsil proqramları əsasında tərtib edilən dərsliklər istifadəyə verilir: "Sonradan dərsliklərin məzmununda müəyyən problemlər aşkarlanır ki, bu zaman dərsliklər artıq tam tirajla çap olunduğundan nöqsanların aradan qaldırılması müəyyən çətinliklərlə müşayiət olunur".
Məlumata görə, 2016-2017-ci tədris ilində ölkənin ümumi təhsil məktəblərində ilk dəfə olaraq yeni təhsil proqramları əsasında hazırlanan 9-cu sinif dərslikləri istifadəyə veriləcək: "Çapa verilməzdən öncə, ictimai rəy öyrənilməklə dərsliklərin təkmilləşdirilməsi məqsədilə onların layihələrinin www.e-resurs.edu.az saytının əsas səhifəsinə yerləşdirilməsinə başlanılıb. Yaxın müddətdə bütün dərslik layihələrinin sayta yerləşdirilməsi nəzərdə tutulur".
Sayta daxil olaraq, "Bütün siyahı" düyməsini basdıqda yerləşdirilən bütün dərslik layihələri ilə tanış olmaq mümkündür: Ətraflı tanış olmaq üçün dərslik layihəsini seçərək onu onlayn oxumaqla bərabər, PDF variantını da kompüterə yükləmək mümkündür. Rəy, təklif və iradları xüsusi ayrılmış sahəyə yazmaqla, yaxud derslik@edu.gov.az elektron poçtuna göndərməklə bildirmək olar".
Təhsil Nazirliyi geniş ictimaiyyəti – sahə mütəxəssislərini, müəllimləri, valideynləri, bir sözlə, bütün vətəndaşları dərslik layihələrinin təkmilləşdirilməsində, rəy, təklif və iradların bizə göndərilməsində fəal olmağa dəvət edir.