A–
Bakı, 9 fevral, AZƏRTAC
Fevralın 9-də Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirə edilib.
Komitənin sədri Arif Rəhimzadə bildirib ki, hər il Milli Məclisin yaz sessiyasının ilk iclaslarının birində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilir.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı məlumat verib. Bildirib ki, 2015-ci ildə respublikamızın ictimai-siyasi həyatında ənənəvi xarakter almış dinamik inkişaf prosesi və əldə olunan nəticələr bələdiyyələrin də inkişafına müsbət təsir göstərib.
Vətəndaşların müraciəti haqqında danışan M.Səlimzadə deyib ki, ötən il ümumilikdə 2093 müraciətə baxılıb. 107 müraciət tam, 20 müraciət isə qismən təmin olunub. Daxil olan müraciətlərdən 65-i hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib.
Ötən il Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi bələdiyyələrin maarifləndirilməsi və inzibati nəzarət işini gücləndirib, korrupsiya və digər hüquqpozmalarına qarşı mübarizəni artırıb. İnzibati nəzarəti həyata keçirən ədliyyə orqanlarının işinin yaxşılaşdırılması, regional ədliyyə şöbələrinə və bələdiyyələrə metodiki köməyin gücləndirilməsi, bu sahədə çalışan kadrların bilik səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilib. Bələdiyyələrin işinin təşkili ilə bağlı aktual mövzularda maarifləndirici tədbirlər təşkil edilib. Maarifləndirici tədbirlər bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması, “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Qanundan irəli gələn vəzifələr, torpaq qanunvericiliyinin pozulması hallarına qarşı mübarizənin gücləndirilməsi, vergi ödənişlərinin yığılmasında şəffaflığın təmin olunması və digər mövzuları əhatə edib.
Mehdi Səlimzadə, eyni zamanda, yerli özünüidarə sahəsində beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı səmərəli əməkdaşlıq şəraitində həyata keçirilən tədbirlər barədə də məlumat verib.
Sonra məruzə ətrafında müzakirələr aparılıb.
Çıxış edənlər məruzənin əsaslandırılmış şəkildə, dolğun və əhatəli hazırlandığını deyiblər.