A–
Bakı, 9 fevral, AZƏRTAC
Fevralın 9-da AMEA İnsan Hüquqları İnstitutu və Moskva Dövlət Humanitar-İqtisadi Universitetinin (MDHİU) birgə təşkilatçılığı ilə AMEA Mərkəzi Elmi Kitabxanasında “Rusiya-Azərbaycan: əlverişli mühitdən inkluziv cəmiyyətə doğru” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva açıb. Bildirib ki, Azərbaycanda fiziki imkanları məhdud insanların cəmiyyətə inteqrasiyası, onların sosial təminatı, həmçinin inkluziv təhsilləri ilə əlaqədar önəmli işlər görülməkdədir. A.Mustafayeva belə şəxslərin sosial inteqrasiyası, dayaq-hərəkət sistemi pozulan fiziki imkanları məhdud tələbələrin inkluziv təhsili, Azərbaycan Respublikasında fiziki imkanları məhdud olan şəxslərin hüquqları və onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan dövlət siyasəti barədə ətraflı məlumat verib.
“Dəyirmi masa”da Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Filip Kreyven fiziki imkanları məhdud şəxslərin sosial müdafiəsi və cəmiyyətə inteqrasiyası sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyəti, əhalinin xüsusi həssas təbəqələrinə yardımı və digər mövzular üzrə öz fikirlərini bölüşüb.
Sonra sosiologiya elmləri doktoru, MDHİU-nun rektoru, professor Vaqif Bayramov, Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin Uşaqların hüquqlarının müdafiəsi sahəsində dövlət siyasəti departamentinin nümayəndəsi Larisa Falkovskaya, Azərbaycan Milli Paralimpiya Komitəsinin İnkişaf, informasiya və tədris şöbəsinin direktoru, Uşaq Paralimpiya Komitəsinin icraçı direktoru Kamal Məmmədov və başqaları çıxış ediblər.
“Dəyirmi masa”da ölkəmizdə fiziki imkanları məhdud şəxslərin təhsilə inteqrasiyasının problem və perspektivləri, onların işlə təmin olunması, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil almaları üçün şəraitin yaradılmasında beynəlxalq təcrübədən faydalanmaq, nəzəriyyə və təcrübə vasitəsi ilə onların icbari məktəbəqədər təhsilə, həmçinin müəyyən bacarıqlara yiyələnmək imkanları müzakirə olunub.
Sonda Moskva Dövlət Humanitar-İqtisadi Universiteti tərəfindən əlil tələbələr haqqında hazırlanan videoçarx nümayiş olunub.
