16 il Madrid "Real"ının şərəfini qorumuş, daha sonra Almaniyada "Şalke", Qətərdə isə "Əl-Sədd" kimi klublarda oynayan, hazırda isə karyerasını okeanın o tayında - Amerika "Kosmos"unda davam etdirən əfsanəvi hücumçu Raul Qonsales ESPN-ə müsahibə verib. Dünyaca məşhur hücumçu karyerasının pik dövrünü keçirdiyi "Qalaktikos"dan, Kriştianu Ronaldo ilə Lionel Messinin müqayisəsindən, yeni klubundakı planlarından və digər maraqlı məsələlərdən danışıb.

- "Real"ın "Qalaktikos" vaxtından ən yaddaqalan xatirəniz hansıdır?

- Öncə azarkeşlərin niyə bizə "Qalaktikos" demələrini yada salmaq istəyirəm. Bu söz 2000-ci illərin əvvəllərindən deyilməyə başlandı. Həmin vaxt komandamıza "Barselona"dan Luiş Fiqu və sonra isə "Yuventus"dan Zinəddin Zidan gəlmişdilər. Onlarla biz 9-cu Çempionlar Liqası kubokunu qazandıq. Dəqiq xatırlaya bilmirəm, amma deyə bilərəm ki, Devid Bekhemin transferindən sonra (2003-cü ildən) bizi "Qalaktikos" adlandırıblar. Halbuki o vaxta qədər "Real"da Ronaldo kimi dünya şöhrətli hücumçu oynayırdı. Lakin biz "Qalaktikos" kimi Avropada heç bir uğur qazana bilmədik. Prezident Florentino Peresin komandaya ulduzlar cəlb eləməsinə baxmayaraq, azarkeşlər bizim qitə miqyaslı turnirlərdə uğur qazanmamağımızı xüsusi xatırlayırlar. Bilirsiz nə demək istəyirəm? Bəli, bu gözəl dövr idi, hansı ki, komandamızda bir sıra "top ustaları", futbol sənətkarları yer almışdılar. Amma fakt budur ki, azarkeşlərin bizdən gözlədiyi böyük qələbələri qazana bilmədik. Məsələn, Bekhem kimi futbolçu La Liqanı cəmi bir dəfə qazandı. Cəmi bir dəfə. O da "Qalaktikos"u tərk eləməyinə bir il qalmış. Həmin vaxt baş məşqçimiz Fabio Kapello demişdi ki, "Bekhem gələn mövsüm oynamayacaq". Amma Devid məşqlərinə ara vermirdi. Hər zaman öz üzərində çalışırdı. Axır ki, o, don Fabionu inandıra bildi və italiyalı ona şans verdi. Həmin vaxt biz çempion olmaq üçün döyüş meydanındakı sərkərdələr kimi mübarizə apardıq. Növbəti - 2007-ci ildə isə arzumuza çatdıq.

- Həmin "Real"la bu yaxınlarda İspaniya La Liqasında ard-arda 22 qələbə qazanaraq rekord qıran Karlo Ançelottinin "Real"ını necə müqayisə edərdiz?

- Düzünü desəm, hazırda "Real" çox gözəl futbol sərgiləyir. Bu, faktdır. Amma mən dövrləri müqayisə etmək istəmirəm. Çünki hər dövr özünəməxsus xüsusiyyətləri, üstünlükləri və çatışmazlıqları ilə fərqlənir. Həm də indiyə qədər əmin olduğum bir şey var - qiymətləndirmə mövsümün yekununda aparılmalıdır. Nümunə üçün uzağa getmək lazım deyil: yadımıza salaq ki, keçən il yeni baş məşqçinin sisteminə uyğunlaşmaq üçün böyük vaxta ehtiyacı olan "Real"ın Çempionlar Liqasını qazanacağına heç kim inanmırdı. Ancaq onu da qeyd edək ki, ötən mövsüm futbolçular bütün potensiallarını ortaya qoydular. Bir şey bəllidir ki, 10-cu ÇL kubokundan sonra komandaya çox güclü futbolçular cəlb olunub. Onlar uğur qazanmağın yollarını əzbər bilirlər.

- Cəmi bir mövsüm çiyin-çiyinə oynadığınız Kriştianu Ronaldu haqda nə deyə bilərsiz?

- Karyeram boyu Ronaldu qədər fiziki güclü futbolçu ilə eyni komandada oynamamışam. Ancaq onun nə qədər məşq elədiyinə baxsaq, bu, o qədər təəccüblü gəlmir. O hər gün bazaya birinci gəlirdi. Hər an güclü olmaq haqda düşünür. Ronaldu "Mançester Yunayted"dən "Real"a böyük ruh yüksəkliyi ilə gəlmişdi. Onun İngiltərədə möhtəşəm futbol sərgiləməsinə baxmayaraq, düşünürəm ki, hazırda o, karyerasının pik nöqtəsindədir. O bizim hamımızı vurduğu qolların sayı və ümumilikdə karyerasının statistik göstəriciləri ilə təəccübləndirib. Mən əminəm ki, o belə davam eləsə, tutduğu yoldan dönməsə, futbolda mümkün olan bütün rekordları qıracaq. Biz onun "Real"a verdiyi töhfələrini o gedəndən sonra da unutmayacağıq. Düzdür, futbol tarixində böyük futbolçular çox olub. Artıq indidən demək olar ki, Ronaldunun da adı gələcəkdə tarixin ən yaxşıları arasında olacaq.

- Öz komandanıza hansını çağırardız: Ronaldunu, yoxsa Messini?

- Hər ikisini çağırardım.

- Deyə bilərsizmi ki, onlar Pele və Maradona səviyyəsinə çatıblar?

- Kim bilir, Pele və Maradona səviyyəsinə çatmaq üçün nə etmək lazımdır?! Mən də əvvəllər kimisə Pele və Maradona ilə müqayisə edirdim, digərləri isə Yohan Kroyfla. Amma indi bir çoxu hansısa ulduz futbolçunu Zidanla müqayisə edir. Mən inanıram ki, Ronaldu və Messi barmaqla sayıla biləcək futbolçulardandır ki, bu qədər uğur qazansın. Bəziləri düşünürlər ki, bununçün dünya çempionu olmaq lazımdır, ancaq digərləri bununla razılaşmır. Görün Ronaldu və Messi müasir futbol üçün nə edirlər? Onların "Real" və "Barsa"nın tarixində rolu əvəzsizdir. Mənə görə, futbol tarixində heç bir futbolçu Ronaldu və Messi qədər dərin iz buraxmayıb.

- İspaniya millisinin qızıl dövründə onun bir hissəsi olmadığınız üçün təəssüflənirsizmi?

- Mən 2006-cı ildə Almaniyada keçirilən Dünya Çempionatından sonra milli komandanı tərk eləmişəm. Ondan iki il sonra - 2008-ci ildə İspaniya Avropa çempionu oldu. Təbii ki, həmin vaxt kollektivdə olmadığıma görə peşmanam. Amma bu baş məşqçi Luis Araqonesin qərarı idi və ona hörmətlə yanaşmışdım. Həmin vaxt yığmada keçirdiyim 10 ildən sonra ilk dəfə hadisələrə real baxa bildim. Bu, futbol həyatımın yalnız bir hissəsi idi. Mən milli komandanın uğurları üçün əlimdən gəldiyini eləmişəm və bununçün xoşbəxtəm. Ancaq indi bütün ispanlar "qırmızı furiya"nın iki Avropa və bir Dünya Çempionatında qazandığı qələbələrilə qürur duyurlar. Bu, tarixin ən böyük anı idi: İspaniya hamıya nümunə idi, İspaniyanı hamı təqlid edirdi, İspaniyanı hamı izləyir və hələ də bu davam edir. Hazırda millimizin heyətində bir sıra gənc, inanılmaz istedada malik və mükafatlar üçün ac olan oyunçular var.

- Nyu-York necə yerdir?

- Çox yaxşı şəhərdir, əgər daha yaxşısı varsa. Burada hər şey idealdır, xüsusilə idman, mədəniyyət, təhsil və yaşayış. Və təbii ki, Amerika futbol xəritəsində ilk yaranan klublardan olan "Kosmos"la müqavilə imzaladığım üçün şadam. Düzünü desəm, Amerikanı ona görə seçmişəm ki, burada futbolda misilsiz tərəqqi var və saysız-hesabsız yeni layihələr gerçəkləşir. Özümə gəlincə isə, bu klubda öz izimi saxlamaq niyyətindəyəm. Mənim istəyim təkcə peşəkar futbolçulara öz təcrübəmi çatdırmaq deyil, həm də gənclərin inkişafına töhfə verməkdi. Mən gənclərlə işləmək, onları inkişaf elətdirmək və bu yolda onlara maksimum kömək eləmək istəyirəm. Mən "Kosmos"un gənclərdən ibarət komandasının müşaviriyəm: uşaqlarla məşq edirəm, onlara futbolun sirrlərini öyrədirəm və təcrübəmi bölüşürəm. Zamanla istədiyimiz strukturu qura biləcəyimizə inanıram. Bundan əlavə mənim bu mühitə uyğunlaşmağım, insanları tanımağım və layihənin inkişafı üçün alternativ variantları düşünməyim lazımdır.

- Siz "La Fabrika"nın - "Real"ın gənclər məktəbinin yetirməsisiz...

- Təbii ki, təcrübəmə görə karyeramın İspaniyada keçirdiyi illərinə borcluyam. Almaniyada da az şey qazanmadım. Qətərdə isə, peşəkar futbol oynamağımdan əlavə, həm də "Aspire" İdman Akademiyasında çalışırdım. Ora möhtəşəm struktura malik idi. Amerikada isə belə akademiyanı NASA (red - North Atlanta Soccer Association) adlandırırlar. Dünyanın heç bir yerində belə bir şey yoxdur. Hazırda həyatımın ən gözəl dövrlərindən birini yaşayıram. Çünki mən gənc məşqçilərin müxtəlif sistemləri ilə tanış oluram və gənc futbolçuların tərəqqisinə şahidlik edirəm. Biz burada fərqli ideya və mədəniyyəti olan layihəni gerçəkləşdirmək istəyirik və inanırıq ki, hamımızın köməyi sayəsində buna nail olacağıq. Bu klub bir ailədir: biz ancaq irəliləməyə çalışacağıq. Yaxınlarda hamı bizim çıxışlarımızdan zövq alacaq.

(Müsahibənin davamı növbəti sayımızda)

ekspress.az