A–
Bakı, 9 fevral, AZƏRTAC
Fevralın 9-da Bakıdakı 160 nömrəli klassik gimnaziyanın IX və X sinif şagirdlərinə “Coğrafiya - müşahidədən fundamental elmə və tətbiqə doğru” mövzusunda dərs tədris edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, dərs Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov tərəfindən keçirilib.
R.Məmmədov şagirdlərə bəşəriyyətin yaranma tarixi barədə fərziyyələr, dünya xəritəsində zamanla yaranmış dəyişikliklər və son zamanlar geniş müzakirə obyektinə çevrilən iqlim dəyişikliyi mövzusu ilə bağlı ətraflı məlumat verib. Eyni zamanda, Azərbaycanın inkişaf coğrafiyası, təbii sərvətləri, fiziki-coğrafi və iqtisadi rayonlaşması barədə fikirlərini bölüşüb, şagirdlərin suallarını cavablandırıb.
Qeyd edək ki, dərslər təhsil naziri Mikayıl Cabbarovun AMEA-nın 70 illik yubileyi mərasimində “Elmdən təhsilə” adlı məqsədli proqramla bağlı irəli sürdüyü təşəbbüsə uyğun təşkil edilir. Təhsil Nazirliyi ilə AMEA arasında əldə olunan razılaşmaya əsasən, bu dərsləri AMEA-nın alimləri tədris edir.
