Goranboy, 14 fevral, Sabir Əliyev, AzərTAc
2014-cü il Goranboy rayonunda genişmiqyaslı tikinti-quruculuq işləri ilə əlamətdar olub.
AzərTAc xəbər verir ki, bu barədə Goranboy rayonunda 2014-cü ilin yekunları və cari ildə qarşıda duran vəzifələrə həsr edilmiş yığıncaqda məlumat verilib.
Yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.
Rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev və müvafiq qurumların rəhbərləri 2014-cü ilin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə dair hesabat və məruzələrlə çıxış ediblər.
Bildirilib ki, 2014-cü il goranboylular üçün yaddaqalan hadisələrlə zəngin olub. Prezident İlham Əliyevin “Goranboy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2014-cü il 20 oktyabr tarixli Sərəncamına əsasən ayrılmış vəsaitlə rayonda abadlıq və quruculuq işlərinin həcmi genişləndirilib. Rayonda Heydər Əliyev Mərkəzinin inşası başa çatdırılıb, Ulu Öndərin abidəsi ucaldılıb. Böyük Vətən və Qarabağ müharibələrində həlak olanların xatirəsinə ucaldılmış abidə kompleksində yenidənqurma işləri başa çatdırılıb. Şəhər avtovağzalı üçün yeni bina inşa edilib, müasir ticarət mərkəzi və yüksək standartlara cavab verən çörək zavodu tikilib. Nizami Gəncəvi adına istirahət parkının ikinci hissəsinin tikintisi də başa çatdırılıb. Parkda insanların istirahəti üçün 4 əyləncə yeri, şəlalə kompleksi yaradılıb. Burada 4 min kvadratmetr sahədə yaşıllıq salınıb, fəvvarələr yenidən qurulub. Goran istiqamətində rayona giriş qapısının ətrafında yenidənqurma işləri aparılmaqla yol genişləndirilib, nəqliyyatın ikitərəfli hərəkəti təmin olunub.
Əhalinin sosial ehtiyaclarının təminatı sahəsində də xeyli iş görülüb. Rayon mərkəzindəki ikimərtəbəli üç yaşayış binasının dam örtükləri yenilənib, bir bina isə əsaslı təmir edilib. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 6 mərtəbəli, 54 mənzilli bina inşa edilərək istifadəyə verilib. Dəliməmmədli-Həmənli, Səmədabad-Əhmədabad, Dəliməmmədli-Fəxralı, Goran-Goranboy avtomobil yollarına və Bakı-Qazax magistral yolundan Nadirkənd kəndi istiqamətində dairəvi yola asfalt döşənib.
Qeyd olunub ki, dövlətimizin başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində son illər rayonda ümumtəhsil müəssisələrinin maddi-texniki bazası xeyli gücləndirilib. Son 5 ildə rayonda ümumilikdə 4720 yerlik 24 məktəb və 2 əlavə tədris korpusu tikilib, 1920 yerlik 8 məktəb binası əsaslı təmir olunub. Hər biri 180 şagird yerlik olmaqla Xınalı, Yenikənd və Qarasu kəndlərində, Goran qəsəbəsində yeni məktəb binaları istifadəyə verilib. Həmçinin Xınalı kəndində yeni uşaq bağçası açılıb, Boluslu, Xan Qərvənd kəndlərində və Qızılhacılı qəsəbəsində uşaq bağçaları əsaslı təmir edilib.
Yığıncaqda rayonun mədəniyyət müəssisələrinin fəaliyyəti ilə bağlı görülən işlərdən də danışılıb. Bildirilib ki, ötən il mərkəzləşmiş kitabxana sistemində bərpa işləri aparılıb, tarix-diyarşünaslıq muzeyi yeni binaya köçürülüb. Bundan başqa Hazırəhmədli kənd mədəniyyət evinin əsaslı təmiri də başa çatmaq üzrədir. Şəhər mədəniyyət evi, Qaraçinar, Qaradağlı kənd mədəniyyət evləri, eləcə də 6 kitabxana filialı əsaslı təmir edilib. Turizmin inkişaf etdirilməsi məqsədilə Gülüstan ərazisində 2 istirahət obyekti istifadəyə verilib. Ötən il Goranboya 8 mindən çox yerli və xarici turist səfər edib.
Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Rüfət Əliyev çıxış edib.
Sonra cari ildə qarşıda duran vəzifələrə dair qərar qəbul olunub.
Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.