A–
Bakı, 12 fevral, Məhərrəm Əlioğlu, AZƏRTAC
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə kütləvi informasiya vasitələri nümayəndələri arasında elan etdiyi “Əsgərə məktublar” mövzusunda yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə bildirilib ki, müsabiqəyə ötən il dekabrın 7-dən 2016-cı il yanvarın 18-dək qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında dərc olunan yazılar buraxılıb. Hər iştirakçı müsabiqəyə bir yazı təqdim edib.
Müsabiqəyə təqdim olunan yazılar təbliğat, maarifləndirmə, çap məqsədilə Xidmətin nəşrlərində istifadə ediləcək.
Qaliblər pul mükafatı və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomları ilə təltif olunublar.
Tədbirdə, həmçinin müsabiqəyə təqdim olunmuş yazıların çap edildiyi kitabçanın təqdimatı da olub.
Müsabiqəyə 50-dək jurnalist iştirak edib. Onlardan 13-ü mükafata layiq görülüb.